Köçəryan və onun komandası ilə bağlı təxminən 1,8 milyon dolların geri ödənilməsi tələb olunur
Ermənistan Baş Prokurorluğu 2008-ci il 1 mart hadisələri işi üzrə ittiham olunan dörd nəfərdən, sabiq prezident Robert Köçəryan, keçmiş ərazi idarəetmə naziri Armen Gevorkyan, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi işləmiş Seyran Ohanyan və onun müavini Yuri Xaçaturovdan 1,75 milyon dollardan artıq vəsaitin geri ödənilməsini tələb edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan yerli KİV-ə açıqlamasında deyib.
Vardapetyanın sözlərinə görə, Antikorrupsiya Məhkəməsinə təqdim edilən iddia ərizəsində 670 milyon dramın (təxminən 1,75 milyon dollar) dövlət büdcəsinə qaytarılması tələb olunur.
Sözügedən məbləğ 1 mart hadisələri zamanı zərərçəkənlərə dövlət vəsaiti hesabına ödənilib.
Baş prokuror qeyd edib ki, iddia ilə yanaşı, mülkiyyətin üzərinə həbs qoyulması barədə vəsatət də məhkəməyə təqdim olunub.
Xatırladaq ki, 19 fevral 2008-ci il prezident seçkilərindən sonra Serj Sərkisyanın qalib elan edilməsinə etiraz olaraq İrəvanda genişmiqyaslı aksiyalar başlayıb. Oponentlər 20 fevraldan etibarən paytaxtın mərkəzində etiraz mitinqləri keçiriblər.
Aksiyalar 1–2 mart tarixlərində etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşmalara səbəb olub. Həmin dövrdə Ermənistanın prezidenti Robert Köçəryan idi.
Əliyar Xəlil
Globalinfo.az













