Xəbər verdiyimiz kimi, bu il Azərbaycanda Məhərrəm ayı iyunun 26-da başlayır. Bununla bağlı bir sıra mövzular yenidən geniş müzakirələrə səbəb olub. Bəzi şəxslər iddia edirlər ki, islam dinində “Məhərrəmlik” adlı xüsusi bir anlayış yoxdur. Onların fikrincə, bu ayda keçirilən yas mərasimləri və digər dini ayinlər islamın ilkin qaynaqlarında yer almır, sonradan formalaşmış adət-ənənələrə əsaslanır. Digərləri isə qeyd edirlər ki, Məhərrəm ayı və xüsusilə Aşura günü islam tarixində mühüm yer tutur.
Reallıq nədən ibarətdir?
Globalinfo.az-a danışan ilahiyyatçı Fazil Əhməd deyib ki, Məhərrəm ayı ilə bağlı ənənələri yalnız müəyyən xalqlara aid etmək və islamla əlaqəsinin olmadığını iddia etmək düzgün deyil:
“Bu, əsassız və savadsız fikirdir. Belə iddiaları irəli sürənlərin nə islam tarixindən, nə də bu mövzu ilə bağlı yazılmış yüzlərlə mənbədən xəbəri var. Məhərrəm ayı və Aşura günü islam tarixi üçün mühüm əhəmiyyətə malikdir. Bu barədə həm şiə, həm də sünni mənbələrində geniş bilgilər mövcuddur. Məhərrəm ayının qeyd olunması islamdan kənar deyil, əksinə, Qurana və Peyğəmbərdən sonra gələn imamların tövsiyələrinə əsaslanır. Tarixi mənbələrdə böyük islam şəxsiyyətlərinin bu ayda xüsusi tədbirlər keçirdiyi və 40 gün müddətində təziyələr təşkil etdiyi qeyd olunub. Quranda Peyğəmbərdən sonra imamların sözünə itaət etməyin vacibliyi vurğulanır. Bu da Məhərrəm ayı ilə bağlı mərasimlərin müqəddəs kitaba uyğunluğunu göstərir”.
Fazil Əhməd
İlahiyyatçı bildirib ki, Məhərrəm ayı müxtəlif xalqlarda fərqli formada qeyd olunur:
“Azərbaycanda bir vaxtlar ələm gəzdirmək, baş və bel yarmaq, qılıncla özünə xəsarət yetirmək kimi xurafi adətlər geniş yayılmışdı. Lakin son illərdə aparılan maarifləndirmə nəticəsində bu cür yanlış ənənələr xeyli dərəcədə aradan qalxıb. Məhərrəmlik mərasimləri insanlara təkcə dini və mənəvi təsir göstərmir, həm də bəzi sosial problemlərin qarşısını almağa kömək edir. Xütbələrdə iştirak edən və mərasimlərə qatılanlar arasında narkomaniyadan, qumardan və alkoqollu içkilərdən uzaq duranların sayı artır”.
Ləman Hüseynzadə
Globalinfo.az














