Sabiq məmurların ölkədən külli miqdarda pul çıxarmaları haqda məlumatlar tez-tez ictimailəşir. Onlardan biri – DGK-nin sabiq sədri Səfər Mehdiyev barədə sensasiya sayıla biləcək xəbər yayılıb. Məlumata görə, S.Mehdiyev son vaxtlar xaricə mütəmadi səfər etməyə başlayıb və hər gedişində külli miqdarda vəsaiti ölkədən çıxarır. Bu hal S.Mehdiyevlə yekunlaşmır. İddiaya görə, başqa sabiq və hazırkı məmurlar da rüşvət və korrupsiya yolu ilə əldə etdikləri sərvətləri xaricə daşıyıb, orada iş qururlar.
Bu tendensiyanın qarşısını almaq mümkündürmü?
Tural Abbaslı
Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiya başqanı Tural Abbaslı qeyd edib ki, daha əvvəl də məmurlar milyardları ölkə xaricinə çıxarıblar:
“Devalvasiya zamanı Prezident İlham Əliyev qeyd etdi ki, birinci devalvasiya ilə ikinci devalvasiya müddətində ölkədən iki milyard dollara yaxın pul çıxarılıb. Bu, təbii ki, Azərbaycan iqtisadiyyatına böyük zərbədir: valyuta ehtiyatlarının tükənməsinə səbəb olur. Bu pullar qanuni yollarla əldə edilmədiyi üçün ölkədən qaçırılır. Sahibləri həmin pulları ölkə daxilində hər hansı investisiyaya qoya bilməzlər. Çünki xüsusi xidmət orqanları üçün məsələni aşkara çıxarmaq çox asandır.
Buna görə də əvvəlcə həmin sərvətin, sonra isə özlərinin ölkədən çıxması üçün çalışırlar. Bunun qarşısının alınması üçün qanunda kifayət qədər maddələr mövcuddur, yəni xüsusi əməliyyat tələb edilmir”.
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, sabiq sədrin xaricə səfərlərinin çox olmasının birbaşa pul çıxarılması ilə əlaqələndirilməsi doğru deyil:
“Xaricdə hər hansı biznes qura bilərlər. Ölkədən pulun çıxarılmasının müxtəlif yolları var. Bu günə qədər məmurlar da həmin üsullardan istifadə ediblər. Səfər Mehdiyevin xaricə səfərinin səbəbi biznes strukturlarının yaradılması da ola bilər.
Pulun ölkədən çıxarılması son mərhələdir. Mühüm olan korrupsiyanın qarşısını almaqdır”.
Safura Bənnayeva
Globalinfo.az














