Makron Yeni Kaledoniyada qisas əməliyyatına start verdi

Yeni Kaledoniyada polis müstəqillik tərəfdarlarının lideri Kristian Tein daxil olmaqla 11 nəfəri həbs edib. 

Globalinfo.az xəbər verir ki, Səhra Fəaliyyətlərinin Koordinasiya Qrupunun rəhbəri olan Kristian Tein və digərləri Yeni Kaledoniyada ölümlə nəticələnən iğtişaşlara törətməkdə ittiham edilib.

Teinin tərəfdarları deyirlər ki, polis onun rəhbəri olduğu təşkilatın ofisində axtarış aparıb və sənədləri götürüb. Diqqətçəkən məsələ isə müstəqillik tərəfdarı olan siyasətçinin mətbuat konfransı ərəfəsində həbs edilməsidir.

Yeni Kaledoniyada etirazlar Fransa parlamentinin bölgədə seçki qanunvericiliyinə etdiyi dəyişiklikdən sonra başlayıb. Dəyişikliyə əsasən, adada 10 ildən çox yaşayanlar səs verə biləcəkdilər. Yerli kanak xalqı bu dəyişikliyə adanın müstəqilliyinin qarşısını almaq üçün atılan addım kimi yanaşmışdı. Bundan sonra etirazlar başlamışdı.

Etirazlar nəticəsində bölgəyə 1,6 milyard dollar ziyan dəyməklə bərabər 9 nəfər həlak olmuş, yüzlərlə şəxs yaralanmışdı. Həmçinin Fransa bölgəyə 3000 hərbçi göndərmək məcburiyyətində qalmışdı. Sonra isə Fransa Prezidenti Emmanuel Makronun bölgəyə səfər etmişdi. Bundan bir neçə həftə sonra Makron bölgədəki seçki qanunvericiliyinə dəyişikliyin dayandırıldığını açıqlamışdı.

Maraqlı məqam odur ki, Makronun səfəri zamanı onunla görüşənlər arasında Tein də yer almışdı. Fransanın daxili işlər naziri Gerald Darmanin isə onun lideri olduğu partiyanı “mafiya üslublu təşkilat” adlandırmışdı.

Globalinfo.az