Makron Parisi “partladır” – Fransada iyunun 30-da nə baş verəcək?

Fransanın ən nüfuzlu radiosu olan “Europe 1” (Europe un) bəyan edib ki, Fransa prezidenti Emmanuel Makron istefa verə bilər. Belə ki, tezliklə Fransa parlamentinə seçkilər keçiriləcək. Seçkidə ifrat millətçilərin qalib gələcəyi gözlənilir. Belə olduqda Emmanuel Makronun istefa verəcəyi düşünülür.

Bu nə qədər realdır?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Sultan Zahidov deyib ki, Fransada iyunun 30-u və iyulun 7-də növbədənkənar parlament seçkiləri keçiriləcək:

“Bazar günü Fransa prezidenti Emmanuel Makron belə bir təşəbbüs irəli sürüb, növbədənkənar seçkilərin keçirilməsinə qərar verib. Bunun da müəyyən səbəbləri var. İyunun 6-9-da Avropa İttifaqında Parlament seçkiləri keçirildi və qatı sağçılar qalib gəldilər. Bunun ardınca Makron növbədənkənar parlament seçkilərinin keçirilməsinə qərar verdi. Burada sağçıların qalib gəlməsi şübhə doğurmur. Aİ Parlament seçkilərindəki nəticələri rəsmi Parisdə də yaşana bilər. Fikrimcə, şans 50-50-dir. Dəqiqliklə kimin qalib gələcəyini söyləmək müşkül məsələdir”.

Politoloqun sözlərinə görə, Fransa konstitusiyasında ən ali vəzifə kimi ordunun ali baş komandanı, prezident qeyd edilib:

“Xüsusilə xarici məsələlərdə parlamentin heç bir rolu yoxdur. Əsas vəzifə prezidentdədir. Emmanuel Makronun sonuncu açıqlamasında da elə bu nüanslara yer verilmişdi. Aydın olur ki, o, istefa vermək niyyətində deyil. Nəticə nə olur-olsun, prezidentlik və parlament institutları fərqlidir. Qatı sağçıların qalib gəlməsi Fransanın daxili siyasətinə, sosial, iqtisadi əlaqələrə təsir edəcək. Ölkədə etiraz dalğasının artması istisna edilmir”.

Safura Bənnayeva
Globalinfo.az