Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa və inkişaf layihələri çərçivəsində daha bir mühüm infrastruktur obyekti – Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bu, Şərqi Zəngəzur iqtisadi rayonunda Zəngilan və Füzulidən sonra fəaliyyətə başlayan üçüncü hava limanıdır. Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif mayın 28-də Laçın şəhərində beynəlxalq hava limanının açılışında iştirak edəcəklər.
Bildirilir ki, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi quruculuq strategiyasının mühüm mərhələsidir. Bu hava limanı regionun logistik potensialını gücləndirərək, Laçın və ətraf rayonların iqtisadi canlanmasına şərait yaradacaq. Eyni zamanda, beynəlxalq əlaqələrin qurulması və turizmin inkişafı baxımından strateji əhəmiyyət daşıyır.
Bəzi ekspertlər bölgədə daha iki hava limanının olduğunu xatırlatsa da, rəsmi dairələr bu layihələrin təkcə nəqliyyat yox, həm də siyasi, iqtisadi və hərbi baxımdan strateji məqsədlərə xidmət etdiyini bildirirlər.
Vüqar Bayramov
Globalinfo.az-a danışan iqtisadçı ekspert, deputat Vüqar Bayramov deyib ki, Laçın aeroportunun inşası bir neçə vacib amillə izah olunur:
“Laçın hava limanı Azərbaycan, eləcə də işğaldan azad olunmuş ərazilərimiz üçün mühüm əhəmiyyət daşıyır. Çünki bu liman beynəlxalq statusludur və imkan yaradacaq ki, turistlər həmin ərazilərə səfər etsinlər. Bu isə turizmin inkişafına, həmçinin ölkəyə maliyyə axınına zəmin yaradacaq. Yəni sözügedən hava limanının fəaliyyətə başlaması həm də iqtisadi baxımdan maraqlarımıza uyğundur”.
V.Bayramov qeyd edib ki, Laçının, bütövlükdə Şərqi Zəngəzurun kifayət qədər böyük iqtisadi potensialı var:
“Bu potensial qeyri-neft sektorunda yeni məhsulların istehsalına imkan verəcək. Şərqi Zəngəzur iqtisadi rayonunun potensialından istifadə etmək üçün, həmçinin sənaye və kənd təsərrüfatı məhsullarının daha böyük bazarlara və dünya bazarına çıxarılması baxımından yeni aeroportun istifadəyə verilməsi çox vacibdir”.
Turan Rzayev
Globalinfo.az














