Laçındakı gömrük postu haqda sensasion iddia: politoloq mühüm detalları açdı

Laçındakı gömrük postu haqda sensasion iddia: politoloq mühüm detalları açdı

Azərbaycanın Laçın dəhlizində gömrük postu qurması xəbəri böyük maraqla qarşılanmaqla yanaşı, ciddi rezonans doğurub.

Mövzu ilə bağlı bir çox ekspertlər, siyasətçilər, politoloqlar şərhlər verirlər. Əsas rəylər budur ki, baş verənlər Azərbaycanın üstünlüyünü bir qədər də möhkəmləndirir.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əlimusa İbrahimov deyib ki, dəhlizdə mini gömrük postunun qurulması bir sıra həqiqətləri gün işığına çıxarıb. Politoloq bunu Azərbaycan xüsusi xidmət orqanlarının və diplomatik korpusunun apardığı məqsədyönlü və gərgin tədbirlərin nəticəsi kimi gördüyünü deyir.

O qeyd edib ki, ilk növbədə ölkə başçısının qəti mövqeyi və apardığı gərgin mübarizə ölkəni belə üstün mövqeyə gətirib çıxardı:

“İlham Əliyevin Soçidə baş tutan üçtərəfli görüşdə status barədə “bu məsələ bitib və Azərbaycanın daxili işidir” deməsi Azərbaycan Prezidentinin geri çəkilməyəcəyini sübut etməklə yanaşı, qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün imkanlardan istifadə edəcəyinə də şübhə qoymadı. Özünü danışıqlar prosesinə soxmağa cəhd edən Fransa Prezidenti Emmanuel Makronun da inkar olunmaz dəlillərlə susdurulması Azərbaycan Prezidentinin qətiyyətini göstərən növbəti addım oldu”.

Politoloq bildirib ki, Xankəndidə ilişib qalmış erməni separatçıların Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin Rusiya sülhməramlıları ilə birlikdə talan edilməsi və bunun ictimailəşdirilməsi faktı Rusiyanın iç üzünü açıb göstərdi. Eyni zamanda Moskvanın Xankəndiyə göndərdiyi emissarı Ruben Karlenoviç Vardanyanla birlikdə Azərbaycana qarşı soyğunçuluq etdiyini sübut a yetirdi:

“İrandan kürd və ermənilərdən ibarət terrorçu qrupun Ermənistan vasitəsi ilə Xankəndiyə göndərilməsi və İran kəşfiyyatının bu təxribatının ən xırda detalları – hətta pasport nömrələrinə qədər Azərbaycan tərəfindən ifşa olundu. Bu fakt İranın Azərbaycana qarşı terror hərəkəti həyata keçirməsini sübut etməklə bu dövlətin terrorçu dövlət olduğunu bir daha göstərdi.

İran tərəfi Azərbaycanın tələblərinə baxmayaraq məsələyə hələ də aydınlıq gətirməyib. Çünki haqlı suallar qarşısında cavab tapa bilmir və yaxud diplomatik yolla bu faktı ört-basdır etməyə çalışır. İranın bu addımı müstəqil bir dövlətə qarşı təxribatdır və terrorizmlə bağlı uzun keçmişə malik olan bu ölkəni dünya dövlətləri içərisində növbəti dəfə ifşa edir.

Bu fakt Fransa Prezidenti Emmanuel Makronun diqqətinə çatdırılası ciddi bir sübutdur ki, onun canfəşanlıqla müdafiə etdiyi erməni kütləsi Azərbaycana qarşı terror hərəkəti həyata keçirməkdə İran kimi terroru dəstəkləyən bir dövlətlə əməkdaşlıq edir”.

Laçındakı gömrük postu haqda sensasion iddia: politoloq mühüm detalları açdı

Ekspert vurğulayıb ki, İranın Azərbaycana qarşı terror hərəkətini Rusiya sülhməramlıları ilə birlikdə həyata keçirdiyi üzə çıxır:

“Bu faktın özü Rusiyanın terroru dəstəkləyən bir dövlətə çevrilməsi barədə son dövrlər beynəlxalq aləmdə səsləndirilən fikirlərlə üst-üstə düşür və Rusiya üçün heç də yaxşı nəticələr vəd etmir.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlim keçirməsi də rusları narahat etməyə başlayıb. Bu təlimlərin nəticəsi kimi iki ölkə hərbi sistemlərinin daha da yaxınlaşması Rusiyanı qorxutmaya bilməz. Ona görə də o, Azərbaycanın haqlı tələbləri qarşısında geri çəkilməyə məcburdur”.

Ə.İbrahimov həmçinin qeyd edib ki, Laçın dəhlizində Azərbaycan tərəfindən mini gömrük postunun qurulması yaxın gələcəkdə Zəngəzur dəhlizində Rusiya ilə birlikdə belə postların qurulmasına presedent olacaq:

“Yəni bu fakt artıq Zəngəzur dəhlizinin fəaliyyətə başlaması barədə razılığın əldə olunmasına da işarədir. Görünən odur ki, Rusiya Azərbaycanın haqlı tələbi qarşısında geri çəkilməyə məcbur qalaraq, digər tərəfdən bu faktdan faydalanmağa çalışır. Çünki Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etmək arzusu çoxdan bəllidir. Bu, eyni zamanda, Laçın dəhlizinin Azərbaycanın himayəsinə verilməsi deməkdir. Rusiya sülhməramlıları da öz vəzifələrini Azərbaycan Silahlı Qüvvələri ilə bərabər böləcəklər. Əks təqdirdə, onların regionu tərk etməsinə sayılı günlər qalıb”.

Gülnar Səlimova
Globalinfo.az