Laçın dəhlizinə quraşdırılan cihaz bunu da “göstərəcək” – MARAQLI MƏQAM

Laçın dəhlizinə quraşdırılan cihaz bunu da “göstərəcək” - MARAQLI MƏQAM

Erməni mənbələri yazır ki, Laçın dəhlizinin girişində quraşdırılacaq mini gömrük postunda rentgen-skanerlər olacaq və Azərbaycan buradan keçəcək avtomobillərin sərnişinlərini, eləcə də baqajlarını onlayn rejimdə izləyə biləcək.

Bu sözləri siyasi analitik Asif Nərimanlı Globalinfo.az-a açıqlamasında Laçın dəhlizinin girişinə mini gömrük postunun quraşdırılması ətrafında gedən müzakirələr barədə danışarkən deyib.

O bildirib ki, dəhlizə post quraşdırılması qanunsuz daşımaların qarşısının qətiyyətlə alınacağı mənasına gəlmir:

“Ruslar bundan “nəticə əldə olunması” kimi istifadə edirlər. Hərçənd dəhlizdə hələ ki post qura bilməyən Azərbaycanın bunu rusların əli ilə etməsi hadisələrin inkişafına təsir edə bilər. Bundan sonra rusların qanunsuz daşınmalar faktı qarşısında “texniki imkanlarımız zəifdir” bəhanəsi işləməyəcək. Eləcə də növbəti qanunsuz daşınma faktından sonra (bu, mütləq baş verəcək) dəhlizdə Bakının öz postunu qurması zərurəti daha çox aktual olacaq və o zaman rusların bəhanə gətirmə şansı indiki qədər güclü olmayacaq”.

A.Nərimanlı hesab edir ki, proseslərdən çıxan nəticəyə görə, Azərbaycan Laçın dəhlizinə nəzarət-keçid postu qurmaq planında israrlıdır və hadisələrin inkişafı bunun reallaşmasına doğru yönəldilir:

“Ola bilsin ki, bu gömrük postunun texniki avadanlığını Azərbaycan tərəfi versin. Ancaq rəsmi Bakının mərkəzi qüvvələrinin burada dayanacağı inandırıcı görünmür. Ruslar buna icazə vermək istəmirlər və gömrük məsələsi Azərbaycanın tələbləri qarşısında ortamı bir az sakitləşdirmək üçün hesablanmış bir addımdır”.

Analitik qeyd edib ki, Laçın postuna quraşdırılacaq cihaz təkcə daşınan yükləri deyil, həm də rus sülhməramlarının niyyətini “göstərəcək”:

“Son iki il ərzində sülhməramlılar istənilən şəxslərə və yüklərə, o cümlədən silah və qanunsuz səfərlərə icazə verirdilər. İndi artıq texniki avadanlıq və gömrük postu da var. Buna rəğmən qanunsuz səfərlər və yükdaşımalar olarsa, deməli, problem texniki məsələdə deyil, Rusiya sülhməramlılarının özündədir. Bu, həm də rus sülhməramlıların gələcəkdə bölgədən çıxarılmasına əsas verən addımlardan biri hesab olunacaq”.

Gülnar Səlimova
Globalinfo.az