Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” partiyasının üzvləri və deputatları parlamentin tətildə olduğu müddətdə mütəmadi iclaslar keçirirlər. Məlumata görə, partiya üzvləri yeni sessiyaya kimi tətilin son günlərini birlikdə keçirir, ölkədəki vəziyyəti, necə addım atmalı olduqlarını müzakirə edirlər. Onların tez-tez İrəvandan kənardakı kurortlarda görüşdüyü bildirilir.
Diqqətçəkən detal isə bütün sessiyalarda Robert Köçəryanın şəxsən iştirak etməsidir. Ötən günlərdə də partiyanın parlamentdəki təmsilçiləri bir araya gəliblər. Onlar bir neçə ay öncə Ermənistanda başlayan etirazları, Baş nazir Nikol Paşinyana etimadsızlığı, payızda daha güclü şəkildə aktivləşəcəyini açıqlayan keşiş Baqrat Qalstanyanın aksiyalarını müzakirə ediblər.
Məlumata görə, iclaslarda R.Köçəryanla yanaşı, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və partiyanın parlamentdəki əsas təmsilçilərindən İşxan Saqatelyan da iştirak edir. Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın da aktivləşdiyi haqda xəbərlər yayılıb.
Nə baş verir? Robert Köçəryan və Serj Sərkisyan yenidən hakimiyyət uğrunda mübarizəyə başlayır? Nikol Paşinyan hansı addımları atacaq?
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, Robert Köçəryan və Serj Sərkisyanın hazırda Ermənistan ictimaiyyətindəki yeri, nüfuzu və mövcud gücləri haqda dəqiq məlumat çox azdır:
Vaqif Hüseyn
“Biz adətən bu iki şəxs haqda erməni mətbuatından xəbərlər alır, onların atdığı addımlar əsasında fikir irəli sürürük. Lakin istənilən halda bu fikirlər dəqiq olmur. Çünki Ermənistan ictimaiyyətini tanımaq siyasi prosesləri izləmək üçün bu ölkədə olmaq lazımdır.
Robert Köçəryan və Serj Sərkisyan yenidən hakimiyyət uğrunda mübarizəyə başlamasına dair xəbərlər var. Bu xəbərləri daha çox rus mediası və ruslarla yaxın əlaqələrə malik media subyektləri dərc edir. Bununla belə yayılan xəbərlər yalan da deyil. Məsələ ondadır ki, Ermənistanda konstitusiyanın dəyişməsini və mövcud şərtlər daxilində sülh müqaviləsinin imzalanmasını istəməyən qüvvələr var. Bu qüvvələr Robert Köçəryan və Serj Sərkisyanın hakimiyyətə qayıtmasını istəyir. Çünki yalnız onlar mövcud prosesi dayandıra bilər və ya ən azından dayandırmaq üçün nə isə edə bilər. Amma hələlik bu mümkün deyil.
Məsələ ondadır ki bu iki şəxsin hakimiyyəti dövründə Ermənistan korrupsiya bataqlığında üzür, xalq haqsızlığa məruz qalırdı. Erməni cəmiyyətinin bu iki şəxsə nifrəti o qədər çoxdur ki, Qarabağ məğlubiyyətinə baxmayaraq onlardan birini deyil, məhz məğlub Paşinyanı seçdilər. Yəni vəziyyət bu gün də belədir və inanmıram ki, Robert Köçəryan və Serj Sərkisyan bu tezlikdə hakimiyyəti ələ keçirsin”.
Turan Rzayev
Globalinfo.az














