İyulun 13-dən başlayaraq parlament seçkiləri ilə əlaqədar nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsinə başlanılıb. Bir neçə müxalif partiya sədrinin də namizədliyini irəli sürdüyü bildirilir. Ümumiyyətlə, növbədənkənar seçkilərdə iştirak edəcək şəxslər imza vərəqələri alıblarmı?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn seçkilərdə iştirak edəcəyini bildirib.
O, hələ imza vərəqələrini almadıqlarını deyib:
“İmza vərəqələrini hələ almamışıq, bir-iki günə alacağıq. Amma özüm 68 saylı Sabirabad-Şirvan dairəsindən namizədliyimi irəli sürmüşəm”.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı namizədliyini irəli sürmədiyini qeyd edib:
“Açığı, budəfəki seçkilərdə iştirak etmək fikrim yoxdur. Partiyamızdan xeyli adam namizədliyini irəli sürüb və bir hissəsi artıq imza vərəqəsi alıb”.
AĞ Partiyanın sədri Tural Abbaslı namizədlərin sayını artırmağı düşündüklərini deyib:
“Partiyamızda 40-dan çox namizəd var. Hardasa 10-a yaxın namizədimiz artıq imza vərəqələrini alıb və imzalarını da toplayırlar. Mən də dünəndən imza toplamağa başlamışam. Proses davam edir. Bir çox partiya sədrlərin üzərinə fokuslanır, amma biz bütün partiyanı əhatə etməyə çalışırıq. Namizədlərimizin sayını artırmağı düşünürük”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev namizədlərin kimliyi məsələsinin artıq yekunlaşdığını bildirib:
“Bu gündən namizədlər öz ərizələrini dairə seçki komissiyasına təqdim edirlər. İki-üç günə məsələ yekunlaşacaq. Ondan sonra imza vərəqələrini əldə edəcəyik”.
Zaira Akifqızı
Globalinfo.az














