Xəbər verdiyimiz kimi, ötən gün ehtiyatda olan gizir, “Kəşfiyyatçı Xanı” kimi tanınan Səyyaf Əhmədov Ağdamda minaya düşərək həyatını itirib.
Globalinfo.az-a danışan Qarabağ qazisi Rey Kərimoğlu Xanı ilə şəxsi tanışlığından danışıb:
“İkimiz də kəşfiyyatçı idik, amma fərqli istiqamətlərdə xidmətdə olmuşuq. Xanı çox cəsur, qorxmaz, vətənpərvər insan, peşəkar kəşfiyyatçı idi. O, Ağdam rayonu, Baharlı kəndində dünyaya gəlmişdi. Onu da deyim ki, Xanının çox gözəl, məlahətli, şirin, zil səsi var idi”.
Rey Kərimoğlu
Rey Kərimoğlu kəşfiyyatçı Xanının dəyərli bir şəxs olduğunu, hər iki Qarabağ savaşında iştirak etdiyini vurğulayıb:
“Çox məşhur kəşfiyyatçı idi, böyük xidmətləri var Vətən qarşısında. Görünən odur ki, hələ mina təhlükəsi Azərbaycanda uzun illər davam edəcək. Təəssüf ki, Xanı qardaşımız da minaya düşərək həlak oldu. Ruhu şad olsun! Biz dəyərli, cəsur, peşəkar kəşfiyyatçını itirdik. Allah rəhmət eləsin!”
Hərbi ekspert Səxavət Məmməd qeyd edib ki, Gizir Xanı Birinci müharibədə döyüşüb, atəşkəs dönəmində dəfələrlə düşmən arxasında olub:
“44 günlük müharibədə könüllü can qoydu. Postların birində əsgərlər yeri göstərib dedi ki, qumbaraatanla vurdular, ancaq partlamadı. Baxdı, dedi, ay Səxavət, nizamnamə ilə buna kəndir bağlamalıyıq, gedib kənardan çəkməliyik, ancaq dayın bunu öz nizamnaməsinə uyğun çıxaracaq. Əli ilə dartıb qoydu yerə. Həm özündə qorxu hissi yox idi, həm də ətrafındakıları bu hissdən uzaqlaşdırırdı.
Raquf Orucov, Gizir Xanı, Zahid Əliyev, Soltan dayı bir döyüşüb, bir xidmət etmişdilər. Raquf Orucov özündən çox Xanıdan, Xanı dayı da Raquf Orucovdan, Zahid Əliyevdən danışardı.
Səxavət Məmməd
2020-ci noyabrın 24-ü gecə saat 2 olardı, Ağdamdan çıxırdıq. Zahid dayı, Soltan dayı məscidə yaxınlaşanda dedilər, Xanı Qarabağ şikəstəsini indi oxumayıb, nə vaxt oxuyacaqsan? Ürəklə oxudu. Dilim dinc durmadı, dedim, Xanı dayı, bu kəşfiyyatçılar niyə incəsənətə meyilli olur? Güldü. Dedi, kəşfiyyat da ordunun incə sənətidir də.
Deyirlər, su təstisi su yolunda qırılar. Həyatı müharibə ilə keçdi, ölümü də müharibənin nəticəsinin əlindən oldu”.
Zaira Akifqızı
Globalinfo.az














