Kərkinin təhvili üçün hazırlıq başlayıb

Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin sərhəd ərazilərində yerləşdirilməsi üçün mənzil proqramlarının siyahısının təsdiqi və maliyyələşdirilməsi barədə qərar qəbul edilib. Təsdiq edilmiş kənd və qəsəbələr siyahısında olmayan yeganə kənd Kərkidir.

Bəzi ekspertlər iddia edir ki, bu, Ermənistan hökumətinin Kərkini tezliklə geri qaytarmağa hazırlaşması ilə bağlıdır.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin 29,743 kv.km ərazisinə Kərki və Tavuşdakı anklavların daxil olmadığını dəfələrlə elan edib.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Kərki kəndinin adının həmin siyahıda olmaması normaldır:

“Çünki Ermənistanın rəhbərliyi də çox gözəl anlayır ki, Azərbaycan anklav kəndlərin geri qaytarılması məsələsi ilə bağlı heç vaxt güzəştə getməyəcək. Hətta danışıqlar prosesinin indiki mərhələsində işğal altında olan Kərki, Yuxarı Əskipara, Bərxudarlı və Sofulu kəndlərinin yaxın müddətdə geri qaytarılması gözlənilir.

Belə olan halda təbii ki, Ermənistanın sərhəd ərazilərlə bağlı proqramında Azərbaycan kəndlərinin adları ola bilməz. Digər tərəfdən isə Ermənistanın Qarabağdan köçən ermənilərin sərhəd kəndlərdə yerləşdirilməsi proqramı məqsədli şəkildə atılmış addım olaraq nəzərdən keçirilməlidir.

Politoloq deyib ki, “Qarabağ erməniləri” ilə Ermənistanda yaşayan ermənilər arasında ciddi ixtilaf var:

“Ümumilikdə ermənilərin böyük əksəriyyəti müharibənin məğlubiyyətinin acı nəticələrinə görə Paşinyanla yanaşı, onları da günahlandırırlar. Deməli, İrəvan və digər mərkəz bölgələrdə hökm sürən xaos və qarşıdurmalar şəraitində Qarabağdan köçən ermənilərin həmin bölgələrdə peyda olması və özləri ilə birlikdə gətirəcəkləri problemlər mövcud gərginliyi daha da alovlandıra bilər. Ona görə də, onlar İrəvan üçün heç də arzuolunan “sakinlər” deyillər. Həmçinin o ermənilərin böyük əksəriyyəti işğal dövründə məqsədli şəkildə Qarabağ ərazisinə köçürülüblər.
Heç şübhəsiz ki, əsas məqsəd də xaricdən “çoxsaylı” Qarabağ ermənilərinin “hüquqlarının müdafiəsi” üçün külli miqdarda yardım almaq olub. İndiki məqamda isə bu yardım süni “qaçqın şousu” çərçivəsində həmin ermənilərin məskunlaşacağı bölgələrə “investisiya” olaraq yönləndirilir. Nəticə etibarilə əsas sual belə olmalıdır ki, Ermənistan dövləti Qarabağdan köçən ermənilərlə bağlı “dövlət proqramlarını” həyata keçirmək üçün bu qədər maliyyə vəsaitini haradan əldə edir?!”.

Turan Rzayev
Globalinfo.az