Son zamanlar Kərki kəndinin Azərbaycana qaytarılmasına hazırlıq görüldüyünə dair Ermənistan siyasi dairələri və KİV-də tez-tez məlumatlar yayılır.
Globalinfo.az xəbər verir ki, kəndin hələ 2021-ci ildə Ermənistan hökumətinin saytında rayon və icmaların siyahısına daxil edilmədiyi ortaya çıxıb.
Belə ki, siyahıya Ararat icmasına 12 yaşayış məntəqəsinin daxil olduğu bildirilir. Lakin burada Tiqranaşen (Kərki – red.) kəndinin adı çəkilməyib. Ermənistan üçün strateji əhəmiyyəti olan bu kəndin siyahıya salınmaması ölkədə ciddi narahatlıq yaradıb. Hələ o zamandan Kərkinin Azərbaycana qaytarılması üçün hazırlıq işləri başladığına dair məlumatlar sürətlə yayılır.
Kərki və Qazaxın işğalda olan 3 kəndinin Azərbaycana təhvil veriləcəyi ilə bağlı iddialar ilk o zaman ortaya atılıb. Lakin İrəvan hökuməti bu məlumatları təkzib etməyə başlayıb.
Həmin vaxt hazırda Kərkinin tərkibinə daxil olduğu Ararat vilayətinin qubernatoru Razmik Tevonyan bu xəbərləri müxalifətin yanlış iddiaları kimi dəyərləndirib. Qubernator əhalini təşvişə düşməməyə çağırıb, kəndin təhvili məsələsinin gündəmdə olmadığını deyib. Qubernatorun bu açıqlamadan qısa müdddət sonra istefa verməsi ermənilərin narahatlığını daha da artırıb. Kəndin təhvil veriləcəyi üçün Tevonyanın işdən çıxarıldığı iddia edilib. Kərkinin Azərbaycana qaytarılması ilə bağlı sənəd imzalandığına dair iddialar ortaya atılıb, lakin Tevonyan bunu təkzib edib.
Bu il bir müddət öncə Ararat vilayətinin Kərkiyə gedən yolda yerləşən Paruyur Sevak icmasından rus sərhədçilərin səssiz şəkildə çıxıb getməsi isə bu məsələni yenidən gündəmə gətirib. Ermənistan KİV qubernatorun hələ 2021-də kəndinin təhvil veriləcəyini bildiyi üçün vaxtında istefa verdiyini yazıb. Bu məsələdə Tevonyana tapşırığın isə Baş nazir Nikol Paşinyandan gəldiyi iddia olunur.
Ayşən Mustafa
Globalinfo.az














