
Vyetnam Sosialist Respublikasının Baş Prokurorunun müavini Nquyen Quanq Dunqun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirlərdə iştirak məqsədilə ölkəmizdə səfərdədir.
Baş Prokurorluqdan Globalinfo.az-a verilən xəbərə görə, səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyub.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Mayın 19-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Vyetnam nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə Baş prokuror Kamran Əliyev Azərbaycan ilə Vyetnam arasında mövcud olan güclü siyasi əlaqələri və əməkdaşlığı qeyd edərək, iki ölkənin müxtəlif sahələrdə, xüsusilə hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın dərinləşdirilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, Azərbaycan ilə Vyetnam arasında uzun illərə söykənən dostluq və qarşılıqlı hörmət münasibətləri hüquqi sahədə də etimada əsaslanan fəal əməkdaşlıq üçün əlverişli zəmin yaradır.
Baş prokuror korrupsiyaya qarşı mübarizə, şəffaflıq və hüquqi islahatlar sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verərək, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət etdiyini diqqətə çatdırıb.
Vyetnam Sosialist Respublikasının Baş Prokurorunun müavini Nquyen Quanq Dunq isə Azərbaycan ilə hüquqi əməkdaşlığın gücləndirilməsini iki dost və strateji tərəfdaş ölkə arasında münasibətlərin təbii inkişaf mərhələsi kimi qiymətləndirib. Qonaq hüquq-mühafizə orqanları arasında bilik və qabaqcıl təcrübə paylaşımının gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdən sonra nümayəndə heyəti Baş Prokurorluğun Tarix Muzeyində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş guşə ilə tanış olub, Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf mərhələlərini əks etdirən eksponatlarla maraqlanıblar.
Vyetnam nümayəndə heyətinin Azərbaycandakı işgüzar səfəri davam edir.
***
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq edir, bir çox qlobal və regional təşəbbüslərdə fəal iştirak edir. Eyni zamanda, beynəlxalq münasibətlərin möhkəmləndirilməsi məqsədilə tərəfdaş qurumlarla birgə kompleks tədbirlər həyata keçirilir. Bu çərçivədə, Azərbaycan Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə mayın 19–23-də Bakı şəhərində həmin beynəlxalq təşkilatın Altıncı Plenar İclas və İdarəetmə Komitəsinin Onuncu Görüşü təşkil edilib. Tədbir çərçivəsində, beynəlxalq təşkilatlar və xarici dövlətlərin nümayəndə heyətləri ilə bir sıra görüşlər olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, mayın 19-da Baş prokuror Kamran Əliyev Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri Həməd bin Naserv əI-Misnədlə görüşüb.
Baş prokuror Kamran Əliyev Azərbaycan ilə Qətər arasında mövcud olan güclü siyasi əməkdaşlığı qeyd edərək iki ölkənin müxtəlif sahələrdə əlaqələrinin əhəmiyyətini vurğulayıb.
Kamran Əliyev iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, 2026-cı ildə Bakıda İƏT-ə üzv ölkələrin antikorrupsiya qurumları rəhbərlərinin 3-cü toplantısının keçirilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb. O, GlobE şəbəkəsi və digər beynəlxalq platformalar çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.
Həməd bin Naserv əI-Misnəd isə Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində qazandığı nəticələri və beynəlxalq əməkdaşlığa verdiyi töhfəni yüksək dəyərləndirib. O, Azərbaycan Prokurorluğunun beynəlxalq platformaların təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafına verdiyi töhfənin əhəmiyyətini vurğulayıb.
Görüşdən sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyində Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş guşə ilə tanış olub və Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu əks etdirən eksponatları izləyiblər.
***
Baş prokuror Kamran Əliyev, mayın 19-da, Tanzaniyanın Korrupsiyanın Qarşısının Alınması və Mübarizə Bürosunun direktoru Krispin Şalamilanın, Madaqaskarın Müstəqil Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Baş direktoru Qabi Nestor Razakamanantsoanın və Əlcəzairin Korrupsiyaya Qarşı Mübarizə üzrə Mərkəzi İdarəsinin Baş direktoru Moxtar Laxdarinin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.
Globalinfo.az xəbər verir ki, görüşlər zamanı Baş prokuror Kamran Əliyev transmilli korrupsiya ilə mübarizədə qlobal həmrəyliyin vacibliyini qeyd edərək, GlobE şəbəkəsinin bu yöndə əhəmiyyətli platforma olduğunu vurğulayıb.
Tərəflər hüquq-mühafizə orqanları arasında birbaşa əlaqələrin genişləndirilməsi, habelə təcrübə və informasiya mübadiləsinin əhəmiyyətinindən danışıblar.

















