İstilərdə açıq havada işləyənlər müdiri məhkəməyə verə bilər

Yay aylarında açıq havada işləməklə bağlı bəzi məhdudiyyətlər olur. Temperatur maksimum həddə çatdıqda qanunvericiliyə əssən iş dayandırılmalıdır.

Bəs açıq havada iş neçə dərəcədə dayandırılmalıdır? İş saatının tənzimlənməsi öz əlində olmayan insanlar isti havada işləməlidirmi? Buna əməl etməyən hüquqi və fiziki şəxsləri hansı cəza gözləyir?

Mövzunu Globalinfo.az-a şərh edən professor, tibbi ekspert Adil Qeybulla deyib ki, əslində, bunun konkret bir standartı yoxdur.

Onun fikrincə, bu məsələ ayrı-ayrı regionlarda müxtəlif olur:

“Məsələn, gün ərzində temperatur 35 dərəcə və daha yüksək həddə olarsa, iş saatı dəyişməlidir. Temperaturun 40 dərəcədən yuxarı olduğu yerlərdə isə məsələ olduqca ciddidir. Ona görə də nəzərə alsaq ki, biz qlobal istiləşmə və iqlim dəyişikliyinə doğru gedirik, əlbəttə, bu rejimlərdə dəyişikliklər aktuallaşacaq. Elə yerlər var ki, otaqdır və orada kondisioner mövcuddur. Amma açıq havada görüləcək işlər mütləq şəkildə temperatur rejiminə uyğun olmalıdır”.


Adil Qeybulla

Professor deyib ki, günəşli havada çalışan şəxslər özlərini qorumalıdırlar:

“İnsanlar belə olan halda daimi su qəbul etməlidirlər, baş örtüyü olmalıdır, istivurmadan qorunmalıdırlar. Təbii ki, səhhətləri də buna kifayət qədər imkan verməlidir. Düşünürəm, insan 35 dərəcədən yuxarı temperatur zamanı uzun müddət işləyə bilməz. Belə olarsa, o, mütləq istivurma və ya günvurmadan əziyyət çəkəcək”.

Hüquqşünas Şamil Paşayev deyib ki, havanın temperaturu 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində fasilələr verilir və ya iş dayandırılır:

“Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir”.


Şamil Paşayev

Ş.Paşayevin sözlərinə görə, işçiləri isti havada işlədən şəxslər cərimə olunurlar:

“Həmin şəxslər 500 manatdan 1000 manatadək cərimə edilir. Bununla bağlı vətəndaşlar Dövlət Əmək Müfəttişliyi Xidməti və məhkəməyə müraciət edə bilərlər”.

Zaira Akifqızı
Globalinfo.az