Xəbər verdiyimiz kimi, Fələstinin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmail Haniyə Tehranda sui-qəsd nəticəsində öldürülüb.
Məsud Pezeşkianın andiçmə mərasimi üçün İrana səfər edən HƏMAS rəsmisinin məhz burada qətlə yetirilməsi xüsusi diqqət çəkib.
İsmail Haniyə kim idi? HƏMAS-İsrail müharibəsi və Qəzza ilə bağlı prosesdə nə kimi rol oynayırdı?
Globalinfo.az bildirir ki, İ.Haniyə 1962-ci ildə Qəzza zolağının Əl-Şati bölgəsində anadan olub.
O, Qəzzada İslam Universitetində təhsil alıb, ərəb ədəbiyyatını bakalavr dərəcəsi üzrə bitirib. Haniyə gəncliyində bir çox etiraz aksiyalarında iştirak edib və İsrail məhkəməsinin qərarı ilə qısamüddətli həbs cəzası alıb. 1988-ci ildə yenidən saxlanılıb və 6 aylıq həbs cəzasına məhkum edilib. 1989-cu ildə həbs müddətinin 3 il olmasına qərar verilib, 1992-ci ildə isə azadlığa buraxılıb. Elə həmin il HƏMAS-ın 400 nümayəndəsi ilə birlikdə ölkədən deportasiya edilib. Bir il sonra Haniyə ölkəyə qayıdıb və İslam Universitetinin rektoru təyin edilib.
Haniyə 1997-ci ildə HƏMAS ofisinin rəhbəri vəzifəsinə gəlib. 2006-cı ildə Fələstində keçirilən seçkilərdə qalib olub və ölkənin onuncu baş naziri seçilib. Lakin 2007-ci ildə ölkə prezidenti Mahmud Abbas HƏMAS və FƏTH qruplaşmaları arasındakı müharibənin gərgin vaxtında Haniyəni vəzifəsindən uzaqlaşdırıb. O isə bu qərarı qəbul etməyərək baş nazir vəzifəsinin icrasına davam edib.
2016-cı ilin sentyabrında Haniyə HƏMAS-ın siyasi bürosunun rəhbəri vəzifəsinə əvəzedici kimi keçib. 2017-ci ildə isə bu vəzifədə təsdiqlənib.
İ.Haniyə bir dəfə İranın HƏMAS-a 70 milyon dollar yatırım etdiyini açıqlayıb.
Onun 13 övladı var. 2024-cü ildə onlardan üçü öldürülüb. 2023-cü ilin oktyabrında İsrail döyüş təyyarələri Haniyənin Qəzza şəhərindəki evini bombalayıb, qardaşı və qardaşı oğlu da daxil olmaqla, ailəsinin 14 üzvü həlak olub. Həmin ilin noyabrında bir nəvəsi, dekabrında isə böyük nəvəsi Qəzza şəhərində İsrailin hava hücumu nəticəsində həyatını itirib.
İ.Haniyə əsasən Qətərdə yaşayıb.
Ayşən Mustafa
Globalinfo.az