Türkiyəyə F-35 döyüş təyyarələrinin mümkün satışı ilə bağlı artan müzakirələr İsrail və Yunanıstanda narahatlığa səbəb olub.
Globalinfo.az xəbər verir ki, ABŞ-ın “Breitbart News” və Yunanıstanın “Kathimerini” nəşrləri bu məsələnin Qərbdə ciddi diplomatik təzyiqlərə səbəb olduğunu yazıb.
Məlumata görə, adı açıqlanmayan yüksək rütbəli bir İsrail rəsmisi ABŞ Konqresinə müraciət edərək Türkiyəyə F-35 satışının qarşısının alınmasını tələb edib. O, rəsmi Ankaranın regional ambisiyalarını əsas gətirərək bu prosesin İsrailin milli təhlükəsizliyi üçün uzunmüddətli təhdid olduğunu bildirib.
İsrail rəsmisi qeyd edib ki, Türkiyə bu təyyarələri əldə edərsə, Egey və Aralıq dənizində hava üstünlüyünü qazana və regionda hərbi balansı dəyişə bilər. Xüsusilə qeyd olunub ki, F-35-lər İsrail ordusunda “Adir” adı ilə tanınır və bu təyyarələr İranın nüvə obyektlərinə qarşı hücumlarda istifadə olunub. Buna görə də belə silahların Ankaranın ixtiyarına verilməsi qeyri-sabitliyə yol aça bilər.
Rəsmilər İsrail və Türkiyə arasında hazırda birbaşa hərbi qarşıdurmanın mümkün olmadığını qəbul etsələr də, gələcəkdə bu ehtimalın reallığa çevrilə biləcəyini istisna etmirlər. Xüsusilə də Suriya kimi bölgələrin hər iki ölkə üçün strateji əhəmiyyət daşıması, ehtimal olunan münaqişə ssenarilərini gündəmdə saxlayır.
Yunanıstan mətbuatı isə xəbərdarlıq edir ki, Türkiyənin F-35-lərə sahib olması Egey dənizində hərbi balansı kəskin dəyişəcək. Bu, həm də Kipr ətrafında enerji resursları üzərində davam edən gərginliyi artıracaq.
Tahir Turan
Globalinfo.az














