İsrail tanklarının yardım yük maşınlarından ərzaq almağa çalışan izdihama atəş açması nəticəsində azı 59 nəfər ölüb, 221 nəfər isə yaralanıb. Hadisə Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərində baş verib.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə küçədə parçalanmış cəsədlərin yer aldığı, insanların yerdə huşsuz vəziyyətdə uzandığı müşahidə olunur.
İzdiham yardım maşınlarından un və ərzaq əldə etmək ümidi ilə şəhərin əsas yolunda gözləyib. Hadisə şahidlərinin “Reuters”ə verdiyi məlumata görə, İsrail tankları minlərlə insanın toplaşdığı əraziyə ən azı iki mərmi atıb.
Fələstinli tibb işçilərinin məlumatına görə, yaralıların ən azı 20-si ağır vəziyyətdədir. Xəstəxanaya yaralılar mülki avtomobillərlə, əl arabaları və hətta arabalarla çatdırılıb. Bu, may ayında yardımların bərpasından bəri bir gündə qeydə alınan ən yüksək ölüm göstəricisidir.
İsrail Müdafiə Ordusu (IDF) hadisə ilə bağlı açıqlamasında bildirib ki, Xan Yunisdə yardım maşınının yaxınlığında toplaşan izdiham müşahidə olunub və ərazidə IDF əsgərləri fəaliyyət göstərib. Qurum qeyd edib ki, hadisənin detalları araşdırılır və qeyri-münaqişə tərəflərinə zərər dəyməsindən təəssüf edilir.
Günün digər hissələrində də Qəzzanın müxtəlif ərazilərində hava və silah hücumları nəticəsində daha 14 nəfər öldürülüb. Beləliklə, ümumi itki sayı azı 73 nəfərə çatıb.
Aysel Əliyeva
Globalinfo.az














