İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-a qarşı apardıqları müharibədə tam və qəti qələbə əldə edəcəklərini bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
“Biz müharibəni başa çatdırmamışıq. Biz Qəzzada tam qələbəyə, mütləq qələbəyə nail olacağıq. Bu hədəfdən bir dəqiqə belə vaz keçməyəcəyik və çox güclü ordumuzla əməliyyatı davam etdirəcəyik”, – deyə Baş nazir qeyd edib.
Netanyahunun sözlərinə görə, hazırda Qəzza zolağında şiddətli döyüşlər gedir. İsrail hökuməti bölgədə sülhün bərqərar olunması ilə bağlı plan üzərində işləyir və Nazirlər Kabineti növbəti mərhələni müzakirə etmək üçün toplanacaq.
Baş nazir əlavə edib ki, hökumət iki əsas məqsədə fokuslanıb: girovların geri qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsi.
Qeyd edək ki, İsrail tərəfinin son açıqlamasına görə, hazırda HƏMAS 24 girovu və 35 həlak olmuş əsirin cəsədini saxlayır.
Aysel Əliyeva
Globalinfo.az














