İran-İsrail münasibətlərinin gərginləşməsi Yaxın Şərqi müharibə alovunun içinə sürükləməkdə davam edir. Belə ki, İsrail İrana çox ağır və amansız cavab hazırlığına başladığı ilə bağlı anonslar verir. Bu xəbərlər artıq geniş müharibənin başlayacağı ehtimalını gündəmə gətirir. Məlum olduğu kimi Rusiya da Qərbin hədəfindədir. Hər vəchlə Cənubi Qafqazda Rusiyanın rolunu zəiflətməyə çalışırlar.
İranın zəifləməsi, müharibədə uduzması Azərbaycana nə kimi mənfi və ya müsbət təsir edə bilər? İki böyük qonşumuzun ehtimal yıxılması bölgəyə və ölkəyə necə təsir edər?
Globalinfo.az-a danışan politoloq Anar Əliyev deyib ki, Yaxın Şərqdə baş verən proseslər fonunda İranın ritorika səviyyəsindən praktik addımlara keçidini müşahidə edə bilmirik:
“İsrailin HƏMAS və “Hizbullah”a qarşı qəti, sərt addımları İranın proksi qrupların müdafiəsi istiqamətində ciddi müqavimət göstərməməsi bölgədə rəsmi Tehranla bağlı formalaşmış mifləri dağıdır. İranın Yaxın və Orta Şərqə təsir imkanları kifayət qədər zəifləyir. İranın İsrailin sərt addımlarına qarşı sərgilədiyi dron və raket şouları gözlənilən nəticəni vermədi. Tam əksinə, İran molla rejiminin nə qədər zəif, qorxaq olduğunu bir daha göstərdi. Bunun da bir neçə ciddi səbəbi var.
Birincisi, İran molla rejimi xalqa arxalanmadığını, daxildə ciddi narazılığın mövcud olduğunu və istənilən real şərtlər altında əhalinin hədəfinə gələcəklərini çox yaxşı bilirlər. Kənar güclərlə yalnız ritorikalar səviyyəsində “döyüşü” davam etdirirlər. İranın sərt addımları qarşılığında Tehrana qarşı hər hansı müdaxilə ölkə daxilində çox ciddi xalq üsyanına səbəb ola bilər.
İkincisi, İran molla rejimi İsrail ətrafında birləşən müttəfiq qüvvələrə qarşı mübarizə apara bilməyəcəyini də çox yaxşı anlayır. Daxildə etirazları yatırsalar belə, bu müttəfiqlərə qarşı açıq müqavimətin məhvə bərabər olduğunu çox yaxşı başa düşür.
Anar Əliyev
Üçüncüsü, molla rejimi situasiyanı bəyanatlar, hədə-qorxular vasitəsilə dəyişməyə cəhd edir. Onlar nüvə zənginləşdirilməsini yekunlaşdırmaq, nüvə silahına malik olmaq üçün vaxt qazanmağa çalışırlar. Qərb idarəçiləri tərəfindən ona cızılmış çərçivədən çıxan molla rejiminin cəzalandırılması istiqamətində atılan addımların yeganə müsbət yolunu nüvə silahı əldə etməkdə görürlər”.
Politoloqun sözlərinə görə, İranın, Rusiyanın zəiflədilməsi, açıq məğlubiyyətə uğradılması Cənubi Qafqaza ciddi təsir edə bilər:
“Bunun Azərbaycana da mənfi təsiri olacaq. İrandan ölkəmizə qarşı təhdidlərin başlaması qaçılmazdır. İran molla rejimi Tehrana qarşı açıq hücumlar başladığı halda hədəflərdən birinin rəsmi Bakı olduğunu da etiraf edib. Lakin heç bu fikrini nə üçün səsləndirdiyini də açıqlamayıb. Yəni səbəb göstərməyib.
Digər tərəfdən əgər sözügedən proses baş tutarsa, ölkəmizə qaçqın köçünün başlaması gözlənilir. İranda mərkəzdənqaçma hallarının baş verməsi də istisna edilmir”.
Safura Bənnayeva
Globalinfo.az














