2023-cü ilin noyabr ayında Qəzza zolağında 3 israilli girovun – Nik Beyser, Ron Şerman və Elia Toledanonun ölməsi böyük ehtimalla İsrail ordusunun onların olduğu əraziyə zərbə endirməsi nəticəsində olub.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən məsələ ilə bağlı istintaq yekunlaşıb və nəticələri sentyabrın 15-də həlak olanların yaxınlarına təqdim edilib.
“İstintaqın nəticəsi 2023-cü il noyabrın 10-da HƏMAS-ın Şimal Briqadasının komandiri Əhməd əl-Qandurun öldürülməsi ilə nəticələnən hava hücumu zamanı hər üç şəxsin ölməsi ehtimalının yüksək olduğunu göstərir”, – bəyanatda deyilir.
Qeyd edək ki, sentyabrın 10-da İsrail televiziyasının “12-ci kanal”ı İsrail ordusunun endirdiyi zərbə nəticəsində üç girovun öldüyü barədə informasiya yayıb və bu barədə məlumat İsrail ordusu tərəfindən gizlədilib.
Ordunun mətbuat xidməti isə istintaqın hələ yekunlaşmadığını bildirmiş və bu hadisə ilə bağlı məlumatın gizlədilməsi iddialarını yalan adlandırmışdı.














