İrəvandakı sirli maşın məsələsi böyüyür: Şahramanyanla Baqratın ortaq cinayəti…

İyunun 21-də Ermənistan xüsusi təyinatlıları keçmiş qondarma Qarabağ rejiminin Ermənistandakı nümayəndəliyinə daxil olaraq buradan Şahramanyanın maşınlarını aparıblar. Ardınca Şahramanyanın özü də sorğuya çağırılıb.

Vəziyyəti belə dəyəndirirlər ki, Paşinyan Ermənistana gəlmiş “Qarabağ elitası”nın heç bir səs çıxarmamasına çalışır.

İrəvanda separatçılara qarşı keçirilən əməliyyata Bakı necə reaksiya verir?

Mövzu ilə bağlı Globalinfo.az -a danışan AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib ki, ilk baxışdan Ermənistanda baş verən proseslər bu ölkənin illərdir Azərbaycana nifrət ruhunda tərbiyə olunmuş cəmiyyətinin sülhə hazırlanması prosesinin tərkib hissəsi kimi görünür:

“Azərbaycan regionda yaratdığı yeni vəziyyətlə vaxtilə “Qarabağ Ermənistandır” deyən Paşinyan hakimiyyətinin vaksinasiyasını həyata keçirib. İndi Paşinyan hakimiyyəti Azərbaycanla anlaşmanın zəruri olduğunu dərk edir. Təbii ki, bu anlaşmaya, konstruktiv münasibətlərin qurulmasına mane olan qüvvələr var. Paşinyan hökuməti özünün prosesdə səmimi olduğunu o zaman sübut edəcək ki, həmin qüvvələri zərərsizləşdirsin, onları hazırda Ermənistanda daşıdıqları “əlahiddə status”dan məhrum etsin.

Ermənistan polisi Şahramanyanın istifadəsində olan maşının artıq hansısa cinayət prosesində istifadə edildiyi üçün götürüldüyünü açıqlayıb. Doğrudur, istintaq sirri əsas gətirilərək bunun hansı cinayət olduğu ilə bağlı məlumat verilməyib, lakin böyük ehtimalla Şahramanyanın həmin cinayətdə ortaqlarından biri arxiyepiskop Baqrat olub”.


Elnur Kəlbizadə

Elnur Kəlbizadənin fikrincə, baş verən hadisədən sonra Baqratın öz avtomobilini Şahramanyana bağışladığı ilə bağlı açıqlaması da buna işarədir:

“Belə çıxır ki, Paşinyan təkcə Azərbaycanla münasibətlərə görə deyil, həm də onu hakimiyyətdən qeyri-qanuni yolla devirməyə çalışan Baqrata qarşı mübarizə aparır. Görünür, Ermənistanda qanuni hakimiyyətə tabesizlik və qiyam cəhdləri var və ola bilsin ki, Şahramanyan da həmin prosesin içərisindədir.

Mümkündür ki, rəsmi Bakı danışıqlar prosesində İrəvandan bu istiqamətdə addım atmasını tələb edib. Bu da təbiidir. Çünki, məğlub Ermənistan qalib Azərbaycanla sülh istəyirsə, separatizmin son tör-töküntülərini Ermənistanda leqal göstərən nə varsa, onları aradan qaldırmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az