“Ermənistan hökuməti xalqın gözündə “artsax” məsələsini bağlamaq üçün onun keçmiş nümayəndələrindən Samvel Babayanı yenidən oyuna cəlb edir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, bir müddət əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan keçmiş qondarma rejimin İrəvanda “təmsilçiliyinin” olması məsələsinə eyham vurub. İddiaya görə, hökumət Qarabağdan köçən ermənilər arasında fikir ayrılığı yaratmaq, onları ayrı-ayrı liderlərin tərəflərində toplamaq istəyir. Beləliklə aralarında pərakəndəlik yaradıb, İrəvandakı “artsax” binasını da müsadirə etməyi planlayır.
Təsadüfi deyil ki, ötən gün Samvel Babayanın adamları binanın qarşısında aksiya keçirib, Qarabağdan gələnlərin hüquq və sosial ehtiyaclarının təmin olunmamasına görə hakimiyyəti günahlandırıblar. Onlar yeni strukturun yaranması və Babayanın rəhbər təyin edilməsi tələbini irəli sürüblər.
Nəşr yazır ki, burada ən maraqlı məsələ Babayanın separatçıları onların qənimətlərini üzə çıxarmaqla hədələməsidir. Onlar “artsax investisiya fondu” nun gəlirlərinin araşdırılmasını tələb ediblər. Yəni Samvel Babayan Qarabağ ermənilərindən QHT yaratmaq və separatçıların strukturlarını ləğv etmək istəyir.
Ayşən Mustafa
Globalinfo.az













