“Rusiya baş nazirinin müavininin bəyanatı siyasi mövqe kimi qəbul edilməməlidir. Overçukun sözləri iqtisadiyyatın qanunlarına əsaslanır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarova bildirib ki, Rusiya baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməsinin zəruriliyi ilə bağlı bəyanatı iqtisadiyyat qanunlarına əsaslanır.
“Overçukun verdiyi açıqlamalar siyasi bəyanat deyil. Bu, müəyyən nəticələrin izahıdır. O, qanunauyğunluqları izah edib və reallıqdan uzaq siyasi bəyanatlar verməyib”.
Zaxarova Mirzoyan-Lavrov danışıqları ilə bağlı da fikirlərini bölüşüb.
“Hesab edirəm ki, bu danışıqlar çox səmimi və etibarlı dialoqun baş tutmasına imkan verdi”, – deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, Overçuk Ermənistanın Aİ-yə üzvlük prosesini başlatmasını İrəvanın “Titanik”ə bilet almaq qərarı kimi dəyərləndirib. Eyni zamanda bunu İrəvanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirib.
Müşviq Tofiqoğlu
Globalinfo.az














