İrəvan separatçıları belə zərərsizləşdirir: Elan verildi

İrəvan rəhbərliyi keçmiş qondarma rejiminin “təhlükəsizlik xidmətində” çalışmış şəxsləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinə cəlb etməyə çalışır. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı hökumətin iyunun 27-də keçirilən iclasında qərar qəbul edilib.

Məlumata görə, keçmiş qondarma rejimin “təhlükəsizlik xidmətində” fəaliyyət göstərmiş bir sıra şəxslər bunun üçün hökumətə müraciət ediblər. Ermənistan qanunlarına əsasən isə, Milli Təhlükəsizlik Xidmətində sadəcə bu ölkənin vətəndaşları çalışa bilər. Bu səbəblə həmin şəxslərə rahat şəkildə vətəndaşlıq əldə etmələri və sözügedən qurumda işə başlamaları üçün şərait yaradılacağı bildirilib.

Həmin şəxslərə yaş məhdudiyyəti nəzərə alınmaqla xidmətdə kiçik rütbələrlə vəzifə veriləcəyi, yüksəkrütbəli şəxslərin yanında çalışacaqları açıqlanıb.

Qeyd edək ki, Ermənistan hakimiyyətinin Qarabağ məsələsini tamamilə bağlamaq üçün İrəvana köçən separatçılarla bağlı müəyyən planlar hazırladığı bildirilir. Məlumata görə, Qarabağdan köçən ermənilərin Ermənistan ərazisində müxtəlif vəzifələrə cəlb edilməsi, onların vətəndaşlıq alması üçün bu planın bir hissəsidir. Bununla da revanşizm ideyaları səsləndirən ermənilərin sayının azalmasına, bu fikrin aradan qalxmasına çalışılır.

Zaira Akifqızı
Globalinfo.az