İrəvan Səfəvi şahının taktikasına əl atdı: ikinci “Xankəndi faciəsi” – VİDEO

Ermənistanda İrəvan-Göyçə yolunun 2-ci km-də yerləşən maye qaz məntəqəsində baş verən güclü partlayış ötən ilin sentyabrında Xankəndidə yanacaq çəninin partlamasını gündəmə gətirib.

Globalinfo.az xəbər verir ki, Ermənistanın hüquq mühafizə orqanları 25 sentyabrdakı “Xankəndi faciəsi”ndə olduğu kimi, burada da təxribat izini araşdırırlar. Hətta bəzi mənbələr qaz məntəqəsindəki partlayışın qəsdən törədildiyini bildirirlər.

Diqqətçəkən məqam həm Xankəndidəki, həm də İrəvan yaxınlığındakı partlayışın bənzər olaylar zamanı – ərazidə insanların toplaşması ərəfəsində baş verməsidir. Belə ki, sentyabrın 25-də Xankəndidəki partlayış əvvəl ermənilər Qarabağdan köçmək üçün kütləvi şəkildə yanacaq çəninin ətrafında yığışmışdılar. Məhz bu zaman dəhşətli partlayış baş verdi və 200-dən çox erməni öldü, xeylisi ağır yaralandı.

Ötən gün İrəvan-Göyçə yaxınlığındakı partlayış da Ermənistanda etiraz aksiyalarının keçirildiyi dövrə “təsadüf etdi”. Ölkədəki aksiyaların lideri Baqrat Qalstanyanın iyunun 9-da mühüm addım atacağını bəyan etməsindən sonra belə güclü partlayışın yaşanması diqqət çəkir.

Hər iki partlayış arasında forma, məzmun və gedişat baxımdan bir çox bənzərliklər var. Buna görə də ötən gün İrəvana dəhşət yaşadan partlayışın qəsdən törədildiyini və bunun artıq kimlərinsə taktikası olduğunu deməyə əsas verir. Mahiyyətcə fərqli olsa da, buna xüsusən Səfəvi şahlarının istifadə etdiyi və ermənilərin sanki oğurlayaraq “modernləşdirdiyi” “yandırılmış torpaq taktikası” demək olar.

Yəqin, sentyabrda Qarabağı yandırıb gedənlər indi İrəvanı yandırıb aradan çıxmaq istəyirlər.


Aqşin

Globalinfo.az