general abs

Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Çarlz Braunla görüşüb. Bu barədə aprelin 10-da ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Tvitter hesabında məlumat verib. “İkitərəfli müdafiə əlaqələrimiz, regional sülh və sabitliyin qorunması ilə bağlı məhsuldar müzakirələr apardıq”, – o bildirib.

Maraqlıdır, indiki şərtlərdə belə təmasın olması nədən xəbər verə bilər? Bu görüşün İranla gərgin münasibətlərin ən pik vaxtında gerçəkləşməsi təsadüfdürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, ABŞ Azərbaycanla hərbi əməkdaşlıqda maraqlıdır:

“Son zamanlar bunu daha qabarıq şəkildə görmək mümkündür. Misal üçün ABŞ dövlət departamentinin rəhbəri Entoni Blinken “907-ci  düzəliş”in aradan qaldırılması və Azərbaycanın İranla sərhədlərinin möhkəmləndirilməsi zərurətini əks etdirən bəyanat səsləndirmişdi.

Vaşinqtonla əməkdaşlıqda rəsmi Bakı da maraqlıdır. Hesab edirəm, bu və bu kimi müzakirələr çox vacibdir. İranla gərginlik fonunda Vaşinqtonla təmaslar Azərbaycana dividentlər qazandıra bilər”.

Edalet verdiyev

Siyasi şərhçi Kənan Novruzov isə bildirib ki, Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən ABŞ-la müxtəlif səviyyələrdə əlaqələri var:

“Təmaslar əvvəllər də olub. Əlbəttə, budəfəki görüşün İranın Azərbaycanla bağlı aqressiv ritorikasının intensivləşməsi ilə eyni vaxta düşməsi diqqət çəkir. Amma fikrimcə, bu məsələni çox da qabartmaq lazım deyil.

Azərbaycanın ikitərəfli və çoxtərəfli təmasları kimsə üçün təhdid deyil. Rəsmi Tehranın iddiasına görə, Bakı Təl-Əviv və Vaşinqtonla birlikdə hansısa koalisiya yaradır. Əlbəttə, bu iddialar tamamilə əsassızdır. Biz sadəcə öz təhlükəsizliyimizi gücləndiririk. Necə deyərlər, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan.

Azərbaycan heç bir dövlətlə, o cümlədən İranla hərbi toqquşmada maraqlı deyil. Bunu heç cənub qonşumuz da istəmir. Ehtimal edilən hərbi toqquşma İrana baha başa gələ bilər. Şübhəsiz ki, bunu molla rejimi özü də bilir. İranın narahatlığı da məhz bununla bağlıdır. Rəsmi Tehran özünə əmin olsaydı, bu cür aqressiv davranmazdı”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: