Xəbər verdiyimiz kimi, İranın sabiq ali dini lideri Əli Xameneinin oğulları Məsud, Meysam və Mustafa Tehranda keçirilən vida mərasimində görüntüləniblər. İslam Respublikasının yeni ali lideri Müctəba Xameneinin görünməməsi yenə diqqət çəkib. Səbəb kimi təhlükəsizlik amili göstərilsə də, onun haqqında müəmma davam edir.
Ümumiyyətlə, Müctəba Xameneinin səhhəti ilə bağlı hələ fevral ayından bəri müxtəlif iddialar səsləndirilir. Bəziləri onun sağlamlıq vəziyyətinin qənaətbəxş olmadığını bildirir, digərləri isə təhlükəsizlik səbəbindən ictimaiyyət qarşısına çıxmadığını iddia edir. Vida mərasimindən bir gün əvvəl onun tədbirdə iştirak etmək niyyətində olduğu barədə xəbərlər yayılsa da, sonda bu baş vermədi.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Müctəba Xameneinin atasına hücum zamanı yaralandığına dair iddialar əvvəllər də səsləndirilmişdi:
“Bildirilirdi ki, o, Moskvada ciddi müalicə alıb. Bu cür məlumatların yayılması, eyni zamanda M.Xameneinin rəsmi tədbirlərdə görünməməsi, yalnız onun adından bəyanatlar verilməsi, ali lider seçildikdən sonra heç bir tədbirdə iştirak etməməsi, hətta atasının dəfn mərasimində belə görünməməsi və bunun təhlükəsizlik səbəbləri ilə izah edilməsi şübhələri daha da artırır. Onun sağlamlıq vəziyyətinin ölkəni idarə edə biləcək səviyyədə olmadığı ilə bağlı fikirlər İran daxilində də ciddi müzakirə mövzusudur”.
Zeynal Əmrəliyev
Ekspert qeyd edib ki, Müctəba Xamenei atasından fərqli olaraq, ölkədə böyük siyasi nüfuza və avtoritetə malik şəxs hesab edilmir:
“Onun zəif tərəflərinin olduğu bildirilir. Həmçinin Müctəbaya “ayətullah” rütbəsinin verilməsi də ciddi müzakirələr doğurur. Bu rütbənin atasının nüfuzu sayəsində verildiyi deyilir. Halbuki ali lider postuna digər namizədlər daha güclü fiqurlar hesab olunurdu. Bütün bunlar İranda müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olub. Xarici mediada yayılan məlumatlara görə, hazırda İranda əsas qərarverici qüvvə SEPAH komandanlığıdır. İddialara əsasən, ölkədə ən nüfuzlu şəxs məhz SEPAH-ın baş komandanıdır və bütün diqqətlər onun üzərində cəmlənib”.
Safura Bənnayeva
Globalinfo.az