İranda “sükut günü” dür

İranda prezident seçkiləri ilə əlaqədar “sükut günü”dür.

Globalinfo.az xəbər verir ki, prezidentliyə namizədlərin təbliğat-təşviqat aparmasına ayrılan vaxt bu gün başa çatıb, yerli vaxtla saat 08.00-dan “sükut günü” başlayıb.

Sabah keçiriləcək seçkilərdə prezidentlik kürsüsü uğrunda 5 namizəd mübarizə aparacaq.

Prezidentlik uğrunda yarışanlardan parlamentin sədri Məhəmməd Bağır Qalibaf, Tehran meri Əlirza Zəkani, Ali rəhbərin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə naziri olmuş Mustafa Purməhəmmədi mühafizəkarları, sabiq səhiyyə naziri Məsud Pezeşkian isə islahatçıları təmsil edir.

Ölkənin vitse-prezidenti Əmir Hüseyn Qazızadə iyunun 26-da mühafizəkar namizədlərin xeyrinə seçkidən çəkildiyini elan edib.

Sonuncu rəy sorğularına görə, islahatçıların namizədi Məsud Peşekşian öndədir, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Cəlili və Qalibaf tutur.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-nə növbədənkənar prezident seçkiləri təyin olunub.