“İranda rejimin dəyişməsi Qərb üçün cəlbedici deyil” – Aida Qəmbər

“İranda rejimin dəyişməsi Qərb üçün cəlbedici deyil” – Aida Qəmbər

“İrandakı prosesin zahirən səngiməyə doğru getdiyi görünür, amma İran cəmiyyətində olan ziddiyyətlər qalmaqdadır”.

Bunu Globalinfo.az-a Yaxın Şərq üzrə ekspert Aida Qəmbər bildirib.

O qeyd edib ki, indiki mərhələdə hakim dairələr tərəfindən addımlar atılmasa, proseslərdə yenidən sıçrayış baş verə bilər:

“İran kimi ölkələrdə rejimin mahiyyətinə qarşı çıxan aktivistlər üçün deyil, əhali üçün fəaliyyət göstərmək çox çətin olur. Buna baxmayaraq, İranda yüzminlərlə insanın haqlı səsini çıxarmaq üçün küçələrə, meydanlara çıxmasının şahidi olduq. Onlar repressiv rejimdən qorxmayaraq, mövqelərini bildirirlər. Proses heç də bitməyib və yumşalma yönündə korrektə olmasa, nə vaxtsa yenidən sıçrayış ola bilər”.

A.Qəmbər bildirib ki, indiki mərhələdə İranda rejimin dəyişməsi hətta Qərb üçün də cəlbedici deyil:

“Çünki İranda hər hansı yeni proses başlasa, ora böyük dövlətlər cəlb olunacaq. Hazırda isə digər problemlər var ki, dünya onların üzərində fokuslanıb və həll etməyə çalışır”.

Ekspert əlavə edib ki, iki-üç il bundan öncə İran mövzusunda azərbaycanlı mütəxəssislər ehtiyatla danışırdı, dövlət qurumları isə ümumiyyətlə danışmağa üstünlük vermirdilər:

“İndi bu mövzuda ən azından ritorika dəyişib, mövqelər bildirilir. İstər İran, istərsə digər dövlətlə münasibətlər bir gündə dəyişməz, bu, uzunmüddətli prosesdir. Dəyişikliklərin baş verməsi üçün iş gedir və bu, davam etdirilməlidir”.

Gülnar Səlimova
Globalinfo.az