İranda çevriliş anonsu: Xamenei belə devrilə bilər – Pezeşkian da hədəfdə

İranda çevriliş anonsu: Xamenei belə devrilə bilər - Pezeşkian da hədəfdə

İranda güc strukturlarındakı artan narazılıq və daxili gərginlik İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölkədə hərbi çevriliş ehtimalını gündəmə gətirib. Ekspertlərin fikrincə, SEPAH rejimə sadiqliyini nümayiş etdirsə də, həm xarici təzyiqlər, həm də dərinləşən daxili böhran vəziyyəti daha da mürəkkəbləşdirir. Təşkilatın həm hərbi, həm də siyasi təsir imkanları bu ehtimalları gücləndirən əsas amillər kimi dəyərləndirilir. Bu fonda Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun iranlı baş tədqiqatçısı Beni Sabtinin “The Times of Israel”ə açıqlaması, xüsusilə diqqət çəkib. O, İranda hərbi çevrilişi istisna etməyib:

Sitat: “Çevriliş yalnız yuxarıdan ola bilər. Bəzi generallar – SEPAH və ya ordudan kimlərsə iqtidara nəzarəti ələ keçirsə, bu rejimi daha mötədil edə bilər. Əgər bu, çevriliş cəhdi xalqdan gəlirsə, bu aşırı zorakılıqla müşahidə olunacaq”.

SEPAH İranda çevriliş etmək istəyir?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, SEPAH İranın ali rəhbəri və dini lideri Ayətullah Əli Xameneiyə bağlı olan qurumdur və geniş səlahiyyətlərə malikdir:

“Bu səlahiyyətlər daxili və xarici siyasət, eləcə də ölkədaxili iqtisadi proseslərin nəzarət altında saxlanılmasını əhatə edir. Bu baxımdan, SEPAH-ın İranda çevriliş edəcəyi ehtimalını düzgün hesab etmirəm. Çünki sözügedən təşkilat İrandakı mövcud dini-siyasi sistemin verdiyi səlahiyyətlər çərçivəsində hakimiyyəti de-fakto öz əlində cəmləşdirib. Bu halda, SEPAH özünə qarşı çevriliş etməyəcək. Əgər söhbət qurumun ölkə prezidenti əleyhinə atacağı addımlardan gedirsə, bu proses iki müstəvidə həyata keçirilə bilər – ya İranın Ali Məhkəməsi, ya da parlamenti prezidentin hakimiyyətdən uzaqlaşdırılması barədə qərar verməlidir. Belə bir qərar yalnız ali liderin imzası ilə təsdiqləndikdən sonra qüvvəyə minə bilər. İran Ali Məhkəməsinin sədrini də ali lider təyin edir. Yəni, İranın ali rəhbərinin və onun qərarlarına tabe olan SEPAH, əgər prezidentin səlahiyyətlərinə son qoymaq niyyətindədirsə, bunu ölkənin mövcud hüquqi prosedurları çərçivəsində həyata keçirə bilər”.

İranda çevriliş anonsu: Xamenei belə devrilə bilər - Pezeşkian da hədəfdə

Elçin Mirzəbəyli

Deputat qeyd edib ki, SEPAH-ın İranda faktiki güc mərkəzinə çevrildiyi uzun müddətdir məlumdur:

“Real ssenari odur ki, SEPAH yaxın gələcəkdə islahatçı prezidentin fəaliyyətini məhdudlaşdırmaq, ali liderin varisliyində iştirak etmək və idarəetmədə daha böyük paya sahib olmaq istiqamətində addımlar atsın. İranda real hakimiyyət və güc mexanizmlərinin ali liderə məxsus olduğunu nəzərə alsaq, çevriliş yalnız bir halda baş verə bilər – Xameneinin vəfatından sonra yeni liderin seçilməsi prosesində SEPAH öz maraqlarını təmin etmək üçün hərəkətə keçər”.

Politoloq Əhəd Məmmədli bildirib ki, SEPAH-ın İranda çevriliş edəcəyi real görünmür:

İranda çevriliş anonsu: Xamenei belə devrilə bilər - Pezeşkian da hədəfdə

Əhəd Məmmədli

“Hakimiyyətdə olan qüvvənin çevriliş etməsi mənasızdır. Dəyişiklik yalnız dini liderə qarşı narazılıq yarandığı halda, onun yerinə başqa birinin təyin edilməsi formasında mümkündür. Lakin bu, saray daxilindəki bir çevrilişə bənzəyər. Xamenei isə yaşlıdır və son dövrlərdə görünmür. Məsələn, İsrailin 12 günlük raket zərbələrindən sonra yalnız yazılı mesajlar paylaşıb, televiziyada isə heç bir çıxışı olmayıb. Avtoritar lider yaşlandıqca və ölümü yaxınlaşdıqca, hakimiyyət daxilindəki qruplaşmalar arasında qarşıdurma güclənir. Lakin bu, mütləq saray daxilində çevrilişin baş verəcəyi demək deyil. Nəzərə almaq lazımdır ki, İranda bütün güc artıq SEPAH-ın əlindədir. Çevrilişin yalnız iqtidarda olmayan qüvvə tərəfindən həyata keçirilməsi mümkündür. Ali liderin xəstəlik və ya başqa bir səbəbdən dəyişmə ehtimalı da gündəmdədir. Buna da çevriliş demək olar, amma bu, ənənəvi prosesdən fərqli olacaq. Çünki sadəcə iqtidar bir fiqurunu dəyişir və yerinə başqasını gətirir”.

Ləman Hüseynzadə
Globalinfo.az