İran elitası Pezişkiana qarşı: Seçki qutusundan “Canlı şəhid” çıxacaq, yoxsa…?

İranda prezident seçkiləri ikinci tura qaldı. Bu qərar müəyyən müzakirələrə səbəb olub. Çoxlarını bir sual düşündürür: görəsən, 5 iyulda keçiriləcək seçkilərdə sandıqdan hansı namizədin adı çıxacaq?

Mövzunu Globalinfo.az-a şərh edən Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, birinci turun nəticələri çox maraqlı oldu. Onun sözlərinə görə, əslində, nəticələr gözlənilən idi:

“Çünki Məsud Pezişkianın əsasən Güney Azərbaycan bölgəsindən və eləcə də digər iri millətlərin, xalqların yaşadığı bölgələrdən kifayət qədər səs yığacağı gözlənilən idi. Nəzərə almaq lazımdır ki, Pezişkian islahatçı qanadın yeganə təmsilçisi kimi seçkiyə qatılır. Onun digər iki rəqibi – həm Məhəmməd Baqer Qalibaf, həm də Səid Cəlili seçkilərdə mühafizəkarların nümayəndələri kimi iştirak edirlər. Üstəgəl, Məsud Pezişkiana islahatçı qanadın bir çox üzdə olan simaları dəstək oldular. Məsələn, keçmiş xarici işlər naziri Cavad Zərifdən tutmuş, Əkbər Haşemi Rəfsəncaninin hazırda həbsdə olan qızına kimi bir çox islahatçı qanadın elit nümayəndələrinin dəstəyi ifadə edildi. Bu mənada Pezişkianın müəyyən bir səs yığacağı gözlənirdi. Lakin bu səs qələbəyə bəs edəcəkdimi?”

V.Zifəroğlu deyib ki, mühafizəkarların Pezişkian qarşısında önəmli bir səs yığacağı gözlənilirdi:

“Səs parçalanırdı və seçkiyə iki namizədlə gedirdilər. Bu səbəbdən də mühafizəkar qanadın təmsilçilərinə Səid Cəlilinin xeyrinə namizədliyinin geri götürülməsi təkidlərinin edilməsi ilə bağlı müəyyən informasiyalar var idi. Məsələn, Qalibafa belə bir təklif edilmişdi, amma o, bundan imtina etmişdi. Bu mənada səslərin parçalanması, əlavə olaraq bir sıra spesifik bölgələrdən Pezişkianın kifayət qədər ciddi səs yığacağının gözlənilməsi və son 2-3 ildə İranın daxilində gedən etiraz hərəkatı, sosial və insan hüquqları ilə bağlı olan narazılıqlar təbii ki, Pezişkiana bəlli bir səsin gələcəyi ilə bağlı proqnoz vermək üçün kifayət edirdi. Gözlənildiyi kimi, seçkilər ikinci tura qaldı. Çünki İran qanunlarına görə, 50 faizdən yuxarı səs yığan namizədlər seçkidə qalib hesab olunur”.

Ekspertin fikrincə, Məsud Pezişkian seçkini lider olaraq tamamlasda da, 50 faiz səs toplaya bilməyib:

“Qanunlara görə daha çox səs yığan namizəd ikinci tura keçirilir. İlkin nəticələr elan edildikdən dərhal sonra da Məhəmməd Baqer Qalibafdan çox maraqlı açıqlama gəldi. Belə ki, o, tərəfdarlarını məhz Səid Cəliliyə səs verməyə çağırdı. Bu da onu göstərir ki, ikinci turda daha ciddi və kəskin bir rəqabətin şahidi ola bilərik. Buna səbəb olan amillərdən biri də, İran vətəndaşının seçkiyə getməməsi ilə bağlı olan məqamlardır. Xatırladım ki, 1979-cu il inqilabından bugünkü günə qədər keçirilən seçkilərdə ən aşağı aktivlik faizi göstərilir. Hətta təqribən 40 faiz civarında. Bundan əvvəlki parlament seçkilərində seçicilər daha çox idi. Bu da “sandıq” başına gedən aktiv elektoratın daha çox mühafizəkar qanadın tərəfdarları və ya təmsilçiləri olması fikrini irəli sürmək üçün əsas verir”.

Vüqar Zifəroğlu Pezişkianın məğlub olacağını düşünür:

“Səid Cəlilinin özü kifayət qədər ciddi bir namizəddir. O, İranda nəzəriyyəçi kimi tanınır. Adam mühafizəkarlar qanadında kifayət qədər ciddi nüfuza malikdir, İran-İraq müharibəsinin iştirakçısıdır. Hətta onun ləqəbi “Canlı şəhid”dir. Bir tərəfdən də o, İranın siyasi elitasında özünə məxsus yeri olan “Məşhəd qruplaşması” tərəfindən dəstəklənir. Bu qruplaşmanın isə önəmli, ciddi və mövcud siyasi idarəetmə sistemində özünəməxsus yeri var. Ona görə Səid Cəlilinin prezident seçilmək şansı daha çoxdur”.

Zaira Akifqızı
Globalinfo.az