İran Azərbaycandakı hücrələrini kənardan bu yolla hərəkətə gətirir – Politoloq

İran Azərbaycandakı hücrələrini kənardan bu yolla hərəkətə gətirir – Politoloq

İranın Azərbaycandakı casuslarının ifşası ilə bağlı xəbərlər gəlməyə davam edir. Paralel olaraq SEPAH ölkəmizə qarşı təhdidləri gücləndirir. Tehrandakı səfirliyimizə və deputat Fazil Mustafaya qarşı edilən hücumun arxasında da İran dövlətinin olması ilə bağlı şübhələr ciddi hal alır.

Azərbaycan Xarici İşlər Nazirliyinin son açıqlamasında bu haqda açıq bildirilib. XİN-in yaydığı bəyanatda deyilir ki, Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir.

Bəs ölkədə İranın yaratdığı kritik kütlə əsasən nə zaman güclənməyə başladı? Bu güclərin qarşısının alınması üçün başqa hansı addımlar atıla bilər?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlyas Hüseynov bu ölkənin Azərbaycanda başqa qətllər törətdiyini və terror həyata keçirməyə çalışdığını bildirib:

“Ölkəmizdə İranın casus şəbəkəsinə qarşı fəaliyyət getdikcə güclənir. Dövlət bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. İranın Azərbaycanda kritik hesab edilən hücrələrinin formalaşdırılması və işə salınması kənardan müəyyən siqnal və təlimatlarla icra olunur. Bu səbəbdən ölkəmizin xüsusi xidmət və hüquq mühafizə orqanları bu şəbəkələrin yaxalanması və ifşa edilməsi üçün əməliyyatlar həyata keçirirlər.

Tehran hər zaman Azərbaycana qarşı düşmən mövqedə olub. Hətta İrana qarşı doğruları dilə gətirməkdən çəkinməyən şəxslərin daha sonra qətlə yetirilməsi kimi hallara şahid olmuşuq. Akademik Ziya Bünyadov və jurnalist Rafiq Tağının qətllərinin arxasında da İranın olmasına dair əsaslı şübhələr var. Eyni zamanda 2012-ci ildə “Avrovision” mahnı müsabiqəsi Azərbaycanda keçiriləndə İran ölkəmizdə terror aktları törətməyə çalışırdı. Həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı bəyanatda da İranın terroru dəstəkləməsi qeyd olunub”.

İran Azərbaycandakı hücrələrini kənardan bu yolla hərəkətə gətirir – Politoloq

Politoloq İranın hazırkı siyasətinin regionda düşmənçiliyə səbəb olduğunu qeyd edib:

“Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın İranla münasibətləri müstəqilliyimizin bərpasından sonrakı müddətdə ən gərgin dövrünü yaşayır. Buna səbəb Tehranın həyata keçirdiyi siyasətdir. Vətən müharibəsinin yaratdığı yeni geosiyasi reallıqlar İran tərəfindən qəbul olunmur. Zəngəzur dəhlizi məsələsi də daxil olmaqla yeni regional əməkdaşlıqlara zərbə vurulur və düşmənçilik toxumu səpilir”.

Ayşən Mustafa
Globalinfo.az