Xəbər verdiyimiz kimi, bir müddət əvvəl insult keçirən Ədalət Partiyasının sədri İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib. Hazırda isə reanimasiya şöbəsində müalicə alır. Onun vəziyyəti ağır stabil olaraq qalır.
İlyas İsmayılovun vəziyyəti ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, məsələdən xəbər tutanda xaricdə səfərdə olub:
“Ölkəyə qayıdan kimi xəstəxanaya getdim. Oranın baş həkimi ilə də əlaqə saxladım. İlyas İsmayılovla görüşmək istəyirdim. Xəstəxanaya getməzdən 10 dəqiqə qabaq təzədən reanimasiyaya yerləşdirildi. Ona görə də görüşmək mümkün olmadı. Baş həkim, eləcə də partiya funksionerləri ilə davamlı əlaqə saxlayıram. Səhhəti ilə bağlı son məlumatları əldə etməyə çalışıram. Hər hansı bir dəstəyin, köməyin verilməsi ilə bağlı müraciətlər etdim. Bildirdilər ki, heç nəyə ehtiyac yoxdur. Sadəcə dua edək ki, vəziyyəti yaxşılaşsın. Palataya çıxarılandan sonra mütləq onu ziyarət edəcəyəm”.
Fazil Mustafa
Fazil Mustafa İlyas İsmayılovun onun həm yaxın dostu, həm də ailəvi çox yaxın münasibətlərinin olduğunu qeyd edib:
“Biz parlamentdə də yanaşı oturmuşuq. Partiyalarımız yaxındır. Çox yaxşı münasibətimiz var. Ona görə də tezliklə onunla görüşəcəyimə ümid edirəm. Allahdan şəfa diləyirəm. O cür dəyərli bir şəxsiyyətin Azərbaycan tarixində önəmli yeri olduğunu hamı yaxşı bilir. İnşallah, sağ-salamat aktiv fəaliyyətinə yenidən qayıdar”.
Safura Bənnayeva
Globalinfo.az














