İllərlə müdafiədə olduq, indi hücuma başlayırıq! – Anar Niftəliyev

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın önəmli informasiya resurslarından olan Axar.az saytının yaranmasından 10 il ötür.

Globalinfo.az bu münasibətlə Axar.az saytının baş redaktoru, tanınmış jurnalist Anar Niftəliyevlə söhbətləşib.

– Əvvəlcə, 10 yaşla bağlı təəssüratlarınızı bilək, sonra keçək suallara…

– Qarışıq hisslərdir: Axar.az-ın bu mövqe ilə 10 yaşını tamamlamasından sevinc də var, narahatlıq da. Düşünürəm, daha bir neçə layihə etməliydik və yaxud ən qısa müddətdə etməliyik. Onlayn media sürətlə inkişaf edir, ayaqlaşmaq lazımdır. 10 il insan həyatı üçün böyük zamandır: bu ömrün hədər getməməsinə çalışdıq, şəxsi həyatı arxa plana keçirdik. İndi oxucuların reaksiyasını gözləyirəm ki, gecəmizi gündüzümüzə qatmağımızın hədər olmadığı təsəllisini alaq. Belə bir hiss…

– Saytın 5 versiyası var. Daha hansı versiyanı yaratmaq istəyirsiniz?

– İlk növbədə ən son – fars versiyasını gücləndirməyi hədəfləyirik. Bu, xalqımızın maraqları baxımından mütləq olmalıdır; daha sonra vizuallığı artırmaq, TV qurmaq ən böyük istəyimizdir. İnşallah, baş direktorun bu istiqamətdə arzu-istəklərini reallaşdıra biləcəyimizə ümid edirəm.

– Sizin üçün Axar.az saytında yayımlanmış ən gözəl və ən məyusedici xəbərlər hansılar olub?

– Çətin sualdır: sevincdən ağlaya-ağlaya verdiyimiz xəbər 27 sentyabr 2020-ci ildə Ordumuzun torpaqlarımızı azad etmək uğrunda savaşa girməsinin elanıdır. Hər kəndimiz, şəhərimiz azad edildikcə o xəbərləri necə verdiyimizi sözlə ifadə edə bilmərəm. Ümumiyyətlə, son illər ölkəmizin ən şanlı tarixi yazılıb və bunu elan etməyin qüruru, sevincini yaşadığımız üçün Tanrıya şükürlər olsun. Ancaq əlbəttə ki, şəhid xəbərlərini sarsılaraq, üzülərək vermişik. Aprel savaşını xatırlayıram – böyük coşğu idi…

– Azərbaycan mediası istiqamətini əsasən Qarabağ mövzusu üzərində qurmuşdu, informasiya cəbhəsində savaşırdı. Qarabağ məsələsi həll olunduğuna görə mediamız cəbhəni dəyişməli olacaq. İndi hansı istiqamətdə hücuma keçməliyik?

– Sualınızda bir gözəl sətiraltı mesaj hiss etdim: “cəbhədəydik, indi hansı istiqamətdə hücum etməliyik” soruşursan. Cavab sualın özündədir. İllərlə müdafiədə olduq – ərazimizdə, torpağımızda. İndi informasiya hücumu başlayır. Yəni Qarabağ milli hədəflərimizin ilk mərhələsidir, ona görə Qarabağ prioritet kimi görünürdü. Ancaq əslində istiqamət Qarabağ deyil, milli hədəflərimizdir. Milli hədəflərimiz isə daha genişdir – növbəti mərhələ gəlir və çox ciddi şəkildə buna hazırlaşmalıyıq. Təəssüf ki, bu istiqamətdə informasiya hazırlığımız arzulanan səviyyədə deyil. Çox istərdim ki, mediamız ikinci mərhələyə daha ciddi hazırlaşsın. Unutmayaq ki, bu, daha böyük mərhələdir.

– Oxuculara sözünüz, çağırışınız…

– Mübaliğəsiz, tam səmimi, 32 illik təcrübəmdən və izlədiyim beynəlxalq mediadan deyirəm: Azərbaycan oxucusu əsasən intellektualdır, ölkənin taleyinə çox həssasdır, dövlətçidir və böyük ruh daşıyıcısıdır, geniş düşünmə qabiliyyətlidir. Oxuculardan çox razıyıq. Həmkarlarımıza çağırışımız var ki, bu səviyyədə olan oxucuları məişət səviyyəsində məşğul edib xırdalamağa cəhd etməsinlər.

Zaira Akifqızı
Globalinfo.az