Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq.
Globalinfo.az bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.
X X X
Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb.
Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.
Fərmana əsasən, Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi 55 ştat vahidindən 65-ə qaldırılıb.
X X X
2025-ci il sentyabrın 1-də Brazilia şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətinə bildiriş göndərməlidir.
X X X
Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının 2022-ci il 28 oktyabr tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş” Azərbaycan Respublikasının ona dair müvafiq qeyd-şərti ilə (qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilib.
Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.














