İlham Əliyev böyük şahmat taxtası arxasında: ağlarla gediş – şah və mat

İlham Əliyev böyük şahmat taxtası arxasında: ağlarla gediş – şah və mat

4 iyul 2024, saat 14:33

Azərbaycan nəhəng proseslərdə iştirak edir. Ölkəmiz geopolitik masalarda söz sahibinə çevrilir. Qüdrətli dövlətlərlə ittifaqlar qurur, sazişlər imzalayır. Azərbaycan dostunu və düşmənini özü seçir – kimsə bizə nəyisə diqtə etmir, hansısa məcburiyyətlə üzləşmirik.

Bunu Prezident İlham Əliyevin bəyanat və çıxışlarında dəfələrlə eşitmişik. O, özünün, ölkəsinin, millətinin qırmızı xəttini çəkib. O xətti kimsənin tapdamasına nə imkan verir, nə buna dözümlü yanaşır.

Bütün bunlar İ.Əliyevin bədən dilindən də anlaşılır. Rahatdır. Təmkinlidir. Gərginliyi özünə yaxın buraxmır. Tərəf müqabilləri ilə görüşlərdə mühitə tam hakim kəsilir. Sözünü söyləyir, qərarlarını açıqlayır, şərtlərini qəbul etdirir. Azərbaycanın iradəsi üzərində indi heç bir təzyiq mexanizmi yoxdur. Dünyanın əsas gücü hesab edilən ABŞ-ın ən yüksək vəzifəli şəxsləri ilə danışıqlarda qarşı tərəfə imkan vermir ki, üstün tövr sərgiləsin. Avropa İttifaqı rəsmiləri ilə söhbətlərdə də eyni mənzərəni görürük.

Bu hal Rusiya prezidenti Vladimir Putinlə təmaslarda da özünü göstərir. İki lider arasında münasibətlər artıq dostluq formatına keçib. Putin Əliyevə rəğbətini çəkinmədən açıq ifadə edir. İlham Əliyevə, ölkəsinə hörmətdə qüsura yol verilmir. Rusiya ilə Azərbaycanın ortaq regional və qlobal maraqları var. Münasibətlərdə bu amilin də öz yeri var.

İlham Əliyev böyük şahmat taxtası arxasında: ağlarla gediş – şah və mat

Dünən Astanada keçirilən görüşlərdə bunun bir daha şahidi olduq. İlham Əliyevin Çin prezidenti Si Szinpilə görüşəndə də eyni mühit idi.

Yeri gəlmişkən, Çinlə Azərbaycan arasında Astanada imzalanan ikitərəfli Bəyannamə olduqca əhəmiyyətlidir. Azərbaycan bu sənədi imzalamaqla böyük geopolitik kluba rəsmi üzvlük vəsiqəsi qazanmış oldu. Bəyannamədəki bəndlər ayrı-ayrılıqda və tək-tək təhlil edilib. Bunun üzərində çox dayanıb vaxt almaq istəmirəm. Sadəcə bir şeyi deyim ki, Azərbaycan bununla öz səfini bəlli etdi. Rəsmi Bakı geopolitik seçimlə bağlı qərarını təsdiqlədi – Şərq Bloku!

Bu, Qərblə müharibə, qarşıdurma anlamına gəlmir. Sadəcə olaraq Qərblə bağlı ümidlərin fayda vermədiyinin təzahürü sayıla bilər. Azərbaycanı alçaldıcı sülhə məcbur etməyə çalışan, separatizmi, işğalı, müharibə cinayətlərini müdafiə edən Qərblə hara qədər getmək olar? Ən son təmaslarda, bəyanatlarda ABŞ rəsmiləri tərəfindən yenə də Azərbaycana uyğun olmayan şərtlər təqdim olunur. Bakıya edilən təklif budur ki, Ermənistanın konstitusiyasında dəyişiklik məsələsində güzəştə gedilsin. Sülh sazişi bu tələb olmadan bağlansın. Bu isə Azərbaycana, hətta Ermənistana, eləcə də Cənubi Qafqaza əsla sərf etməyən variantdır. Ermənsitanın konstitusiyasında o bəndlər qalacaqsa, 5-10 ildən sonra sülh sazişi pozulacaq. Revanşistlər, diaspora, kilsə məhz o bəndlərə istinad edib Azərbaycana qarşı yenidən ərazi iddiası irəli sürəcək.

Azərbaycan elə bir əhəmiyyətli ölkəyə çevrilib ki, hər kəs bizimlə dost olmağa, münasibətləri normal saxlamağa məhkumdur. Regionun ən qüdrətli dövlətləri ilə əlaqələr həm rəsmi şəkildə, həm də qeyri-rəsmi formada yüksək səviyyəyə qalxıb. Türkiyə, Rusiya, Pakistan, İsrail, Çinlə hərbi, siyasi və iqtisadi sahələri əhatə edən strateji tərəfdaşlıq sazişləri imzalanıb. Dünən Çinlə imzalanan Bəyannamə isə prosesin kulminasiyası hesab oluna bilər. Üstəlik Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edib. Şərq Blokunda təmsil olunan dövlətlər Azərbaycanı istər müharibəyə qədər olan müddətdə, istər müharibə zamanı, istərsə də post müharibə dövründə birmənalı şəkildə dəstəkləyib.

İlham Əliyev böyük şahmat taxtası arxasında: ağlarla gediş – şah və mat

Çinlə bağlanan əməkdaşlıq bəyannaməsini siyasi texnoloqlar dərhal üç mühüm istiqamətdə qiymətləndirdi:

1. Bərabərhüquqlu olması
2. Strateji əməkdaşlığı ehtiva etməsi

Üçüncü mühüm detal isə sənədin 2.8 bəndində yer alan mühüm müddəalarda qərarlaşıb: “Çin tərəfi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (UNFCCC COP29) Azərbaycanda keçirilməsini alqışlayır və Azərbaycanın Konfransda müsbət nəticələrin əldə olunmasının təşviqində sədrlik rolunu dəstəkləyir. Tərəflər iqlim dəyişikliyi ilə mübarizədə, o cümlədən “yaşıl” enerji sahəsində əməkdaşlığa, iki ölkənin müəssisələrini yeni enerji mənbələrinə əsaslanan yeni istehsal, enerjinin saxlanması, yeni enerji daşıyıcıları, elektrik enerjisinin ötürülməsi, enerjiyə qənaət və emissiyaların azaldılması və s. kimi yaşıl və aşağı karbonlu texnologiyalar sahələrində əməkdaşlığı dərinləşdirməyə təşviq etməyə, təmiz enerji sahələrində əməkdaşlıq üçün qlobal tərəfdaşlığın qurulmasını birgə təşviq etməyə hazır olduqlarını bildirirlər”.

Hazırda iqlim və ətraf mühit problemləri təbii problemlərdən çox bəzi güclü dövlətlərin əlində ekoloji müharibə vasitəsinə çevrildiyi bir dünyada Azərbaycan-Çin əməkdaşlığı Bakıda keçiriləcək COP29 tədbirinə xüsusi damğa vuracaq. Karbon emissiyaları qərarlarına görə Qərbin qlobal silah şirkətləri, maşınqayırma korporasiyaları və digər nəhəng biznes imperiyaları lobbiləri ilə alınacaq qərarlara təsir etməyə çalışacaqlar və ziddiyyətlərin kuliminasiya həddinə çatdığı dövrdə Bakıda Çin kimi qlobal güc Azərbaycanın bu istiqamətdəki “yaşıl qərarları”na tam dəstək durması həmləsi gözlənən digər yırtıcı qlobal güclərə və aktorlara ciddi reaksiya və güc təminatı olacaq.

Bu proseslər bizə qəti şəkildə deməyə əsas verir ki, sülh sazişi Azərbaycanın təklif etdiyi şərtlər çərçivəsində imzalanacaq. Zəngəzur dəhlizi Bakının təklif etdiyi variantda açılacaq. Çünki bunu Çin başda olmaqla, qlobal güc mərkəzləri də istəyir. İndi o qlobal mərkəzlər saatlarını Bakı vaxtı ilə qururlar.

İlham Əliyev böyük şahmat taxtası arxasında dünyaya şahlıq etmək istəyənləri mat qoyan performans nümayiş etdirir.
Onun qlobal miqyasdakı gedişləri ölkəsinin şansının, qismətinin dönüşünü təmin və təmsil edir.

Azər Ayxan
Globalinfo.az