Bakıya qarşı “KQB taktikası”: Xankəndi üçün yeni həmlə – Təhlükəsizlik eksperti sirləri açdı

Bakıya qarşı "KQB taktikası": Xankəndi üçün yeni həmlə - Təhlükəsizlik eksperti sirləri açdı

Ermənilərin Laçın nəzarət-buraxılış məntəqəsinin qarşı tərəfində təşkil etdiyi “TIR şousu” davam etdikcə müxtəlif yanaşmalar, versiyalar irəli sürülür. Versiyalardan biri belədir ki, əslində, sülh danışıqlarını gündəmdən çıxarmaq üçün “TIR şousu” ortaya atılıb. Bəzi ekspertlər isə hesab edirlər ki, bu, Zəngəzur dəhlizinin açılmasını ləngitmək üçün düşünülüb.

O zaman belə bir sual yaranır: “TIR şousu”nu təşkil edən qüvvə və ya ölkə hansıdır? Fransa və İranın prosesdə bu və ya başqa formada iştirakı var? Rəsmi Bakı sülh danışıqlarının bərpasını hərbi yolla gerçəkləşdirə bilər?

Bakıya qarşı "KQB taktikası": Xankəndi üçün yeni həmlə - Təhlükəsizlik eksperti sirləri açdı

Sülhəddin Əkbər

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, sülh danışıqlarında maraqlı olan tərəf ABŞ və Avropa İttifaqıdır (Aİ):

“Rusiya sülh danışıqlarında maraqlı deyil. Ermənilərin “TIR şousu”na gəldikdə isə deyə bilərəm ki, Ermənistan tərəfindən təşkil edildiyi üçün məsuliyyəti də rəsmi İrəvan daşıyır.

Ermənistana bu işdə başda Fransa olmaqla Qərb dairələri dəstək verir. Ümumilikdə isə hazırkı situasiyada biz xüsusi informasiya və psixoloji müharibə elementi ilə üz-üzəyik. Bunu əvvəllər rus KQB-si “aktiv tədbir” adlandırırdı. İndi isə buna yeni “xüsusi informasiya əməliyyatı” adını veriblər.

Yəni burada məqsəd Azərbaycana informasiya sahəsində psixoloji zərbə vurmaq və beynəlxalq ictimai rəyi əleyhimizə yönəldib, yaranmış vəziyyəti dəyişməkdir.

Qarabağ ermənilərinin status məsələsində Rusiya, ABŞ, Aİ eyni mövqedən çıxış edirlər. Bu baxımdan biz bu psixoloji savaşı uduzmamalıyıq. Son zamanlar təəssüf ki, biz bu məsələdə geriləyir və uduzuruq. Bunu açıq şəkildə demək lazımdır. BMT-nin xüsusi məruzəçilərinin son açıqlaması da Azərbaycan XİN-i narahat edib.

Buna görə biz təkcə hərbi gücə deyil, həm də yumşaq güc elementlərinə fokuslanmalıyıq. Ermənilər bundan ustaca istifadə edirlər. Biz də bənzər formada istifadə edib, ermənilərin üstünlüyü ələ almasına izin verməməliyik”.

Turan Rzayev
Globalinfo.az