İkram İsrafil danışdı: O, bundan sonra hansı addımları atacaq?

İkram İsrafil danışdı: O, bundan sonra hansı addımları atacaq?

AĞ Partiya sədri Tural Abbaslının özünün, həyat yoldaşının və qayınatası İkram İsrafilin deputatlığa namizəd olması xəbəri maraqla qarşılandı. Bu mövzuda müzakirələr, diskussiyalar hələ də davam edir.

Xatırladaq ki, İkram İsrafil Müsavat Partiyasının funksioneridir. O, 2005-2010-cu illərdə Milli Məclisin üzvü kimi fəaliyyət göstərib.

Globalinfo.az ötən gün mövzu ilə bağlı T.Abbaslının xanımı Nərmin Abbaslıdan açıqlama alıb.

Bu gün isə mövzu ilə bağlı İkram İsrafilin fikirlərini öyrəndik.

O, Müsavat Partiyasının parlament seçkilərində iştirakla bağlı qərar qəbul etdiyini bildirib:

“Qərara uyğun olaraq partiya üzvləri mən də daxil olmaqla fəaliyyətə başlamışıq. Namizədliyimi 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən irəli sürmüşəm. Artıq Divanın qərarına uyğun olaraq sənədlərimi bu gün Dairə Seçki Komissiyasına təhvil verəcəm. İnşallah, qeydiyyatım təsdiqləndikdən sonra imza vərəqlərini götürüb, imzatoplama kampaniyasına başlayacam”.

İkram İsrafil rəqibləri haqda da fikir bildirib:

“Bu günə qədər kimlərin namizəd olduğunu bilmirəm. Əlbəttə, biz də səbirsizliklə Yeni Azərbaycan Partiyasından (YAP) həmin dairədəki namizədinin kim olacağını gözləyirik. Görək, əvvəlki illərdə Sumqayıtda yaşayan, sumqayıtlıların tanıdığı biri olacaq, yoxsa, ümumiyyətlə, Sumqayıta əlaqəsi olmayan hansı şəxsi bura göndərəcəklər. Bu da seçki üçün çox önəmlidir. Hesab edirəm, namizədin kim olmasından asılı olmayaraq, Mərkəzi Seçki Komissiyasının tələblərinə, qanunlara uyğun olaraq fəaliyyətimizi davam etdirəcəyik. Təqdir seçicilərindir. İnşallah, sumqayıtlılar mənim 5 illik deputatlığımı yaddan çıxarmayıblar. Onu nəzərə alıb, həmin seçicilərin məni təkrar özlərinə millət vəkili görmək istədiklərini düşünürəm. Bunu isə təbliğat-təşviqat kampaniyası dövründə seçicilərlə sıx ünsiyyətdə olduğumuz zaman daha aydın hiss edəcəyik”.

Zaira Akifqızı
Globalinfo.az