İki qocanın seçki “savaşı” Cənubi Qafqaza necə təsir edəcək?

ABŞ-da prezidentliyə namizədlər Co Bayden və Donald Tramp iyunun 27-də debatda üzə-üzə gəldilər. Tərəflər kifayət qədər diqqətçəkən məsələlərə toxunub. Müzakirə edilən mövzulardan biri də Cənubi Qafqaz idi.

İki namizədin regionumuz ilə bağlı baxışı necədir?

Globalinfo.az – a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Baydenlə Trampın beynəlxalq münasibətlərdə ABŞ-ın yeri barədəki fərqli fikirlərinə baxmayaraq, Cənubi Qafqazdakı siyasətinin dəyişəcəyi ehtimalları azdır:

“Fərq o məsələdə üzə çıxa bilər ki, Tramp indiki administrasiyadan fərqli olaraq Ermənistana dəstək çıxan xəttə girməz. Ancaq Trampın yeni ideyalarla ABŞ-ın Cənubi Qafqazda Azərbaycan-Ermənistan sülh gündəliyinə təsir imkanları qazandırması cəhdləri görünə bilər.

Bundan başqa, Tramp üçün Gürcüstan mövzusu, demokratlardan fərqli olaraq, başqa gündəliyin formalaşdırılması ilə nəticələnə bilər. Çünki Tramp ABŞ-ın elan etdiyi demokratik ideal və prinsipləri ABŞ-nin genişlənmə siyasəti üçün əsas saymır və Gürcüstanın Rusiya ilə əlaqələri yaxşılaşdırması onun nəzərində təhlükəli tendensiya kimi görünməyə bilər.

Azərbaycanla əlaqələrə isə ABŞ-dakı prezident dəyişikliyi ciddi təsir göstərən deyil. Uzağı, Tramp Bayden administrasiyasından fərqli olaraq, Azərbaycana qarşı təzyiq kampaniyasını azaltmağa çalışa bilər. Bundan savayı, Vaşinqton-Bakı əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qədər qaldırılması üçün böyük səylər mümkün Tramp administrasiyasında müşahidə oluna bilər”.

Turan Rzayev
Globalinfo.az