ABŞ öz hərbçilərinin İsraildə döyüşməsinə icazə verən qanun layihəsi hazırlayır. İran isə müharibəyə qoşula biləcəyini bəyan edib. Maraqlıdır, bu, III Dünya və ya xristian-müsəlman savaşına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, ABŞ-ın belə addım atması bölgədə vəziyyəti son dərəcə kritikləşdirəcək.
Politoloq bildirib ki, lokal müharibə qlobal savaşa keçə bilər:
“Ehtimal olduqca böyükdür. Əgər ABŞ İsrailin yanında müharibəyə girsə, İran da savaşa qoşulsa, artıq bu, irimiqyaslı müharibəyə çevriləcək. Çünki ABŞ-ın qoşulması NATO-nun da qoşulması deməkdir. Düzdür, NATO daxilində də parçalanma var, bu məsələdə bir qrup dövlətlər İsrailin və ya ABŞ-ın yanında yer alsa da, digər qrup isə neytral qalır”.
Samir Hümbətov
Politoloq deyib ki, Rusiyanın həm Ukraynada, həm də burada savaş aparması çətin məsələdir:
“Bəlkə, Çinin köməyi toxuna bilər. Çin də köməklik göstərsə, bölgədə vəziyyət daha da qarışacaq. Faktiki olaraq onsuz da III Dünya müharibəsi gedir.
ABŞ və İranın müharibəyə qoşulması ilə savaş daha böyük miqyasda yayıla bilər. Çünki o zaman bu məsələ həm dini baxımdan, yəni xristian-müsəlman və ya yəhudi-xristian-müsəlman toqquşması, həm də qlobal xarakterli savaş məzmunu daşıyacaq”.
Zaira Akifqızı
Globalinfo.az