İctimai fəallıq artır – Qərbi Azərbaycana Qayıdış məsələsi gündəmdə

İctimai fəallıq artır - Qərbi Azərbaycana Qayıdış məsələsi gündəmdə

Qərbi Azərbaycana Qayıdış məsələsi bu gün Azərbaycanın milli maraqları və humanitar gündəminin əsas prioritetlərindən biri kimi çıxış edir. Son illər bu istiqamətdə dövlət strukturları ilə yanaşı, Qeyri-Hökumət Təşkilatlarının (QHT) da fəallığı nəzərəçarpacaq dərəcədə artıb. Onlar həm yerli, həm də beynəlxalq səviyyədə müxtəlif formatlarda layihələr həyata keçirir, tədbirlər təşkil edir və informasiya kampaniyaları vasitəsilə Qərbi Azərbaycan həqiqətlərini ictimaiyyətə çatdırırlar. Bu fəaliyyətlər yalnız maarifləndirmə məqsədi daşımır, eyni zamanda, beynəlxalq rəyin formalaşmasına və deportasiya olunmuş soydaşlarımızın hüquqlarının tanınmasına yönəlib.

QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə Globalinfo.az-a açıqlamasında bildirib ki, 2023–2024-cü illərdə Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə bir sıra layihələr həyata keçirilib:

“Bu layihələr həm beynəlxalq, həm də yerli səviyyədə icra olunub. Qərbi Azərbaycan məsələsi QHT-lərin apardığı uğurlu fəaliyyət nəticəsində beynəlxalq gündəmə çıxarılıb. Yumşaq güc vasitələrindən sayılan tədbirlərin təşkili, sərgilərin keçirilməsi, müxtəlif nəşrlər və elektron resurslar vasitəsilə Qərbi Azərbaycandan olan vətəndaşlarımızın deportasiyası, mədəni irsin məhv edilməsi kimi məsələlər barədə beynəlxalq ictimaiyyət məlumatlandırılıb.

İctimai fəallıq artır - Qərbi Azərbaycana Qayıdış məsələsi gündəmdə

Cəsarət Hüseynzadə

Bir neçə QHT-nin təşəbbüsü ilə BMTATƏT-in tədbirlərində də Qərbi Azərbaycan məsələsi gündəmə gətirilib. Daxili auditoriyaya yönəlik işlər də bu istiqamətdə davam etdirilməlidir.

QHT-lərin bu sahədə artan fəallığı göstərir ki, Qərbi Azərbaycan təkcə milli məsələ deyil, artıq beynəlxalq gündəmin də bir parçasına çevrilib. Layihələr çərçivəsində ABŞ, Belçika, Polşa, Rumıniya və Türkiyədə müxtəlif tədbirlər keçirilib. Bütün bu fəaliyyətlər beynəlxalq ictimai rəyin Qərbi Azərbaycan mövzusunda formalaşmasına ciddi töhfə verir.

QHT-lər bu məsələ ilə bağlı sənədli filmlər, bədii əsərlər, musiqi nümunələri, konfranslar və sərgilər təşkil edirlər”.

Safura Bənnayeva
Globalinfo.az