Hüseyn Abdullayev həbsxanada infarkt keçirib? – Rəsmi

Hüseyn Abdullayev həbsxanada infarkt keçirib? - Rəsmi

Ədliyyə Nazirliyi həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin infarkt keçirməsi barədə yayılan xəbərlərə reaksiya verib.

Globalinfo.az-ın xəbərinə görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, Hüseyn Abdullayev bu il avqustun 2-də ürək nahiyəsində olan narahatçılıqla bağlı Bakı İstintaq Təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib.

Həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib.

Məlumat üçün bildiririk ki, H.Abdullayevin səhhəti həkim nəzarətindədir.

***10:40

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev infarkt keçirib.

Globalinfo.az bildirir ki, məlumatı “Report”a onun keçmiş vəkili Rəsul Cəfərov təsdiqləyib.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb. Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Globalinfo.az xatırladır ki, Hüseyn Abdullayev 2018-ci ilin aprel ayında Türkiyədə saxlanılaraq Bakıya gətirilib. O, uzun müddət Almaniyada mühacir kimi yaşayıb.

Bu il mart ayında Hüseyn Abdullayevin 6 illik həbs müddətinin başa çatmasına 47 gün qalmış ona qarşı cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) ittihamı irəli sürülüb. 2024-cü il martın 4-də Binəqədi Rayon Məhkəməsi keçmiş deputat barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.