Hazırda dayandığımız layihə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu birinci texniki dərəcələrə uyğun olaraq inşa edilir.
Globalinfo.az xəbər verir ki, bunu “APA-Economics”ə Zəngilan rayonunun Ağbənd qəsəbəsinə mediatur zamanı jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov deyib.
O bildirib ki, yolun ümumi uzunluğu 123,6 kilometrdir:
“Bu yolun 78,5 kilometrlik hissəsi 6 hərəkət zolağından ibarətdir. 45,1 kilometrlik hissəsi isə 4 hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 14 və 21 metr, torpaq yatağının eni isə 21,5 və 29 metr təşkil edir. Avtomobil yolu üzərində 8 ədəd qovşaq inşa edilib. 44 ədəd alt, 5 ədəd üst keçid, 314 ədəd müxtəlif diametrli qurğu inşa edilib”.
“Avtomobil yolunun gələcəkdə ödənişli olması nəzərdə tutulur”, – deyə o əlavə edib.














