“Heydər Əliyev orden”li siyasətçi Ukrayna prezidenti ola bilər – ŞOK

“Yaxasında Azərbaycanın ən ali dövlət təltifi sayılan “Heydər Əliyev ordeni”ni daşıyan bir siyasətçi tezliklə Ukraynanın yeni prezidenti ola bilər. Söhbət Qərb xüsusi xidmət orqanlarının təşkil etdiyi “Maydan olayları” ilə 2014-cü ilin 22 fevralında hakimiyyətdən uzaqlaşdırılan Viktor Yanukoviçdən gedir”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü qeyd edib.

O bildirib ki, bugünlərdə Putinin Belarusa səfəri zamanı Yanukoviçin də Minskə uçması və Putin-Lukaşenko-Yanukoviç üçlüyünün bir araya gəldiyi haqda xəbərlərin yayılması artıq Rusiyanın Ukraynada hansı ssenariyə əl atmağa hazırlaşdığına da aydınlıq gətirir:

“Ukraynanın NATO-ya və Avropa İttifaqına inteqrasiyasına qarşı çıxdığı üçün devrilmiş prezidentin qanuni hakimiyyəti bərpa olunmalıdır. Böyük ehtimalla Ukrayna böhranının danışıqlar yolu ilə həlli üçün Çinin son təşəbbüsləri dəstəklənməzsə, qarşıdakı aylarda Rusiya Xarkov-Odessa-Kiyev istiqamətlərində hücumlarının ağırlıq dərəcəsini artırmaqla, Putinlə danışıqları qanunla qadağan etmiş və özünün də prezidentlik müddəti başa çatmış Zelenskiyə daxildən də təzyiqləri gücləndirərək, onu ya qaçmağa məcbur edəcək, ya da sui-qəsdə əl atacaq.

Belə görünür ki, müharibənin ilk aylarında ABŞ və Avropanın dəstəyinə, kollektiv Qərbin onları döyüş meydanında yalnız buraxmayacağına böyük ümidlər bəsləyən Ukrayna cəmiyyəti də son 2 il ərzində baş verənlərdən ciddi nəticə çıxarıb və böyük məyusluq içindədir. Artıq onlara övladlarının boşuna – Qərb maraqları üçün qurban edildiyi bu amansız müharibənin davam etməsi yox, tezlikə bitməsi gərəkdir. Sülh yolunda ən böyük əngəlin Zelenski olduğunu, bu gedişlə Ukraynanın rəsmən bölünəcəyini yaxşı dərk edirlər”.

Politoloq qeyd edib ki, Ukraynada Zelenskiyə sevgi artıq dərin nifrətə, məyusluğa və qəzəbə çevrilir:

“Yeri gəlmişkən, Yanukoviçin baş nazir və prezident olduğu illərdə Ukrayna öz ərazi bütövlüyünü qoruyub saxlamaqla yanaşı, iqtisadi baxımdan da sürətlə önə çıxmışdı.

Yanukoviç hakimiyyətdə olduğu dönəmdə Azərbaycanla da münasibətləri xeyli yaxşılaşdırmış və elə buna görə də 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənin ən ali dövlət təltifinə – “Heydər Əliyev ordeni”nə layiq görülmüşdü”.

Əliyar Xəlil
Globalinfo.az