Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Həsənov Ülvi Bəxtiyar oğlunun həbs edilməsi bir neçə məsələni gündəmə gətirib.
Sirr deyil ki, son zamanlar Müdafiə Nazirliyi sistemində əksər həbslər yeyintilərə görə olur. Artıq bu, neçə müddətdir davam edir.
Ortaya bir neçə sual çıxır: Bu həbslər hara qədər davam edəcək?
Məsələn, həbslər Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova istiqamətlənə bilərmi?
Ümumiyyətlə, başqa hansı məsələlərin gündəmə gəlməsi gözlənilir?
Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, doğrudan da son vaxtlar Müdafiə Nazirliyində və ya digər dövlət qurumlarında belə addımların şahidi oluruq.
O, MN-də son zamanlar korrupsiya ilə bağlı kifayət qədər ciddi faktların aşkarlanması və həbslərin buna görə aparıldığını deyib:
Natiq Cəfərli
“Onu da deyim ki, MN işini yenidən qurması ilə bağlı müharibə dönəmindən bəri addımlar atır. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycan ordusu Türkiyə ordusunun modelinə keçir. Bu modelə keçmək, onu əsas götürmək yalnız əsgər hazırlığına aid deyil. Həm təchizatla, həm maliyyə məsələləri, həm ordunun digər ünsürləri istiqamətləri ilə, həm də yeni sistemə keçidlə əlaqədar addımlar atılır. Köhnə sistemdən qalmış insanların yoxlanılması, işdən çıxarılması, həbs olunması məncə, bundan sonra da davam edəcək”.
İqtisadçı Baş Qərargahın sabiq rəisi haqda da danışıb:
“Nəcməddin Sadıkovla bağlı mediada bu günə qədər kifayət qədər ittihamlar səsləndirilib. Amma təəssüf ki, hələ onunla bağlı rəsmi şəkildə hansısa bir addım atılmayıb. Biz hüquqa inanan insanlarıq. Ümid edək ki, ciddi araşdırmalar aparılacaq və həmin şəxsin özünün fəaliyyəti ilə də əlaqədar faktlar ortalığa çıxarılacaq”.
Xatırladaq ki, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Ülvi Həsənova Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, 341.1-ci və digər maddələri ilə ittiham elan edilib.
Zaira Akifqızı
Globalinfo.az














