Hacı Şahin fenomeninin sirri: xalq onu niyə bu qədər sevir – Deputatdan maraqlı izah

Hacı Şahin fenomeninin sirri: xalq onu niyə bu qədər sevir - Deputatdan maraqlı izah

İlahiyyatçı Hacı Şahin Həsənlinin ölümündən sonra onunla bağlı baş verənlər ciddi müzakirə olunur. Ona cəmiyyətin bu qədər sevgi, sayğı ilə yanaşması ibrətamizdir. Söhbət yalnız dini kəsimin məhəbbətindən getmir. Hacı Şahin cəmiyyətin sekulyar təbəqəsi tərəfindən də hörmətlə yanaşılan ciddi bir ictimai obrazdır. Hətta ateistlər də Hacı Şahinə sevgi və sayğılarını izhar edilər. Elə insanlar var, onunla heç vaxt kəlmə belə kəsməyiblər, amma din xadiminin vəfatına kədərləndiklərini bildirirlər. Onlarla tanınmış insan sosial şəbəkə hesabında bu haqda yazıb, fikir bildirib.

Əksəriyyət onun insani keyfiyyətlərini, fəaliyyətini yüksək qiymətləndirərək bir ideoloq, fikir adamı kimi sevildiyini vurğulayır. İnanclı, yaxud inancsız bir çox insan bu fikirdə olduğunu qeyd edir. Amma Hacı Şahini molla, məzhəbçi kimi təqdim edənlər də var.

Hacı Şahin fenomeninin sirri: xalq onu niyə bu qədər sevir - Deputatdan maraqlı izah

Milli Məclisin deputatı Hikmət Babaoğlu özünün feysbuk hesabında ad çəkmədən bir status paylaşıb. Deputat qeyd edib ki, cəmiyyət özünün tanınan aydınları ilə irəli gedə bilər.

Sitat: “Bizim haqqımız yoxdur ki, millət kimi formalaşmış Azərbaycan xalqını camaatlaşdıraq. Azərbaycan xalqının yolu geriyə-məzhəbçiliyə deyil, irəliyə-Böyük Azərbaycana doğru olmalıdır”.

Jurnalist Eynulla Fətullayev də Hacı Şahinin məzarının üzərində keçirilən ayinləri paylaşaraq,- “İlk dəfədir ki, bir mollanın ölümünü siyasiləşdirirlər və yeni şiəlik hərəkatına təkan verirlər. Qonşu İranda teokratiyaya qarşı gedən mübarizə və Cənubi Azərbaycanda millətçiliyin intibahı fonunda Bakıda siyasi şiəliyin baş qaldırması bir çox suallar doğurur”- deyə, bildirib.

Bəs bir ilahiyyatçının cəmiyyətin müxtəlif kəsimləri tərəfindən bu qədər sevilməsinə səbəb nədir? Məzhəbçi statusu onun üçün doğru hesab edilə bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən deputat Ceyhun Məmmədov bu fikirlərə cavab olaraq Hacı Şahinin bağlı olduğu məzhəbi çox büruzə vermədiyini, əksinə, barışdırıcı mövqeyi ilə tanındığını söyləyib:

“Hacı Şahin Həsənlinin insanlar tərəfindən bu qədər sevilməsinin əsas səbəblərindən biri onun xalq arasında daha çox olması, insanlarla düzgün ünsiyyət qurması idi. O, davamlı olaraq insanlarla görüşür, şəhidlərimizin anım mərasimində iştirak edir, sosial şəbəkələrdən fəal istifadə edirdi. Bu amillər onun cəmiyyət tərəfindən sevilməsinin əsas səbəblərindəndir.

Məzhəb məsələsi İslam dünyasında çox geniş yayılmış mövzudur. Müəyyən mənada bunun bütün ilahiyyatçılarda, din alimlərində, ümumilikdə bu sahədə olan hər kəsdə özünü açıq şəkildə göstərir. Hacı Şahin isə bu xüsusiyyətini açıq şəkildə büruzə verməyən bir insan kimi qiymətləndirilirdi. Əlbəttə, onda da məzhəbə bağlılıq, sevgi güclü idi. Amma fəaliyyətində, cəmiyyətlə münasibətlərində bunu çox da göstərmirdi. Şahin Həsənli şiə ilahiyyatçıları arasında barışdırıcı mövqeyi ilə, ünsiyyət bacarığı ilə seçilirdi. Yəni bir çoxlarından fərqli olaraq, onun fəaliyyətində açıq şəkildə məzhəbçilik sezmirdik, buna çağırış da etmirdi”.

Hacı Şahin fenomeninin sirri: xalq onu niyə bu qədər sevir - Deputatdan maraqlı izah

Ceyhun Məmmədov

Deputat bildirib ki, mərhum ilahiyyatçının bağlı olduğu məzhəbin xüsusiyyətləri də nəzərə alınmalıdır:

“Hacı Şahin artıq dünyasını dəyişib, biz isə bu məsələyə fərqli yanaşmalar müşahidə edirik. Bir insanın dünyasını dəyişməsi onun yaxınları üçün böyük itkidir. Hesab edirəm ki, indiki zamanda onun arxasınca danışmaq, hər hansı fikir söyləmək qeyri-etikdir. O haqq dünyasındadır, biz isə gələcəyə baxmalıyıq. Müəyyən qarşıdurma, həmçinin fikir ayrılığı yaradan məsələlərdən uzaq dayanmalıyıq.

Onu da qeyd edək ki, şiəlikdə məzhəbçilik, məzhəbə sıx bağlılıq əsas istiqamət kimi götürülür. Burada inancına bağlı şəxsin öz məzhəbinin həqiqi təəssübkeşi olması məsələsi də aydın şəkildə nəzərə çatdırılır. Ona görə də, bu məsələdə sözügedən reallıqları da diqqətdə saxlamalıyıq”.

Ayşən Mustafa
Globalinfo.az