Hərbi Prokurorluq erməni hərbçilərin öldürüldüyü deyilən görüntüləri araşdırır

Bu günlərdə erməni Telegram kanallarında bir video paylaşılıb. Videoda guya Azərbaycan hərbçiləri tərəfindən erməni əsgərlər edam edilir. Deyilənə görə, bu və bənzər videolar Ermənistan xüsusi xidmət orqanları tərəfindən quraşdırılıb.

Globalinfo.az xəbər verir ki, sözügedən görüntülərlə bağlı Azərbaycan Hərbi Prokurorluğu araşdırmalara başlayıb. Hərbi Prokurorluğun məlumatında deyilir: “Bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulması iddia olunduğu görüntülərlə bağlı araşdırma aparır”.

“Hərbi Prokurorluq tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır.

Araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək” – deyə məlumatda vurğulanır.