Güneyli professorun vəziyyəti ağırlaşdı

İsveç vətəndaşı olan və Tehranın Evin həbsxanasında edam hökmü altnda yaşayan güney azərbaycanlı professor Əhmədrza Cəlalinin həyat yoldaşı Vida Mehranniya bəyanat yayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə özünün sosial media hesabında paylaşım edib.

Mehranniya həyat yoldaşının iyunun 26-dan aclıq aksiyasına əl atdığını və vəziyyətinin ağırlaşdığını bildirib.

Qeyd edək ki, azərbaycanlı alim 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib. 2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi onu “İsrailə casusluq” ittihamına görə edama məhkum edib və qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Əhmədrza Cəlali iyunun 15-də İran və İsveç arasında baş tutan məhbus mübadiləsində adının siyahıya salınmamasına etiraz olaraq aclıq aksiyasına başlayıb.