Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin 5 oktyabrda İspaniyanın Qranada şəhərində görüş keçirəcəyi gözlənilir. Görüşlə bağlı hazırlıqlar üçün 26 sentyabrda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın Brüsseldə görüşəcəyi bildirilir. Bu, sonuncu antiterror tədbirindən sonra liderlər arasında ilk təmas olacaq.
Maraqlıdır, Qranada görüşündə nələr baş verəcək? Sülh razılaşması ola bilər?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Qranada da Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin bir araya gəlməsi müsbət hadisədir:
“Xüsusilə antiterror tədbirindən sonra liderlərin nəyi müzakirə edəcəyi maraqlıdır. Görüşdən səmərəli nəticə əldə ola bilər. Lakin təcrübə göstərir ki, bu tipli görüşlərdə müsbət nəticələr əldə edilsə də Rusiya prosesə mane olmağa çalışır.
Əhəd Məmmədli
Misal üçün, Brüssel və ya Vaşinqton görüşlərindən sonra Rusiya özü də görüş təşkil edir. Adətən belə görüşdə rəsmi Moskva Brüssel və ya Vaşinqtonda əldə edilən razılıqları pozmasa da, səmərəsini azaldır.
Lakin indi vəziyyət tamam başqadır. Xüsusilə də antiterror tədbirlərindən sonra 2020-ci il 8 noyabrda qurulan status-kvo Azərbaycanın xeyrinə daha da dəyişib. Bu mənada deyirəm ki, Qranada görüşündən hansısa bir nəticə əldə ola bilər. Düzdür, yekun sülh müqaviləsinin imzalanacağını düşünməsəm də bu yöndə addımlar atıla bilər.
Rusiya tərəfindən pozucu vəziyyət olması da mümkündür. Qranadadan sonra Moskvanın siyasi diplomatik yöndə atacağı addımları izləməliyik”.
Turan Rzayev
Globalinfo.az














